Sizin reklam burada
Sizin reklam burada
  • "Xalqı xalq, milləti millət edən onun ana dilidir"

    Elxan Əsədov
    Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktorunun müavini, həkim-psixiatr

    Azərbaycançılığın mühüm tərkib hissələrindən biri də Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etməsidir. Bu reallıq inkaredilməzdir ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edildi. Belə ki, 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.
    O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri Azərbaycan oldu. Bu, uzaqgörən tarixi addım Ulu Öndər Heydər Əliyevin ana dilinə dövlətçilik münasibətinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi. Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirdi, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırladı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.
    Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı siyasi, eyni zamanda, praktiki baxımından fərqləndi. Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dili daim dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə edildi, dahi şəxsiyyətin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir addımında özünün aydın ifadəsini tapdı. Atılan hər bir addım Ümummilli Lider Heydər Əliyevin Vətən, torpaq, xalq sevgisinin təcəssümü idi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrilib. Bu fikri daim böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar da bunun təsdiqidir. Ümummilli Lider bildirmişdir ki, xalqı xalq, milləti millət edən onun ana dilidir.
    1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ