Layihə "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Çiçəyin təşkilatçılığı ilə həyata keçirilmişdir. Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların həyat və döyüş yolunu geniş ictimaiyyətə çatdırmaq, şəhid ailələrinin mənəvi irsini qorumaq, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq salnaməsini gələcək nəsillərə örnək kimi təqdim etmək və cəmiyyətimizdə milli-mənəvi dəyərlərin daha da möhkəmləndirilməsinə töhfə verməkdir.
"Şəhidlik zirvəsi" verilişinin bu buraxılışı Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevin timsalında bütün şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuşdur. Verilişdə Anar Əliyevin ömür yolu, hərbi fəaliyyəti, xüsusi təyinatlı zabit kimi peşəkarlığı, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq, həmçinin onun şəxsiyyətini xarakterizə edən yüksək insani keyfiyyətlər peşəkar hərbçilərin fikirləri əsasında tamaşaçılara təqdim olunur.
Anar Əliyev 1980-ci il avqustun 28-də Kəlbəcər rayonunda anadan olmuşdur. Uşaqlıq illərində ailəsi məcburi köçkün həyatı yaşasa da, doğma yurd sevgisi onun həyat amalına çevrilmişdi. Orta məktəbdə oxuduğu illərdən hərbçi olmağı qarşısına məqsəd qoyan Anar əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Ali Birləşmiş Komandirlər Məktəbində təhsil alaraq "qoşun kəşfiyyatı" ixtisasına yiyələnmişdir. Gənc zabit kimi xidmətə başladığı ilk illərdən peşəkarlığı, intizamı, iradəsi və yüksək təşkilatçılıq bacarığı ilə seçilmişdir.
Anar Əliyevin hərbi fəaliyyəti yalnız xidmət etdiyi hərbi hissə ilə məhdudlaşmırdı. 2011-ci ildə Müdafiə Nazirliyinin tapşırığı ilə xüsusi kəşfiyyat missiyasının icrasında iştirak etməsi onun peşəkar hazırlığının və dövlət tərəfindən göstərilən etimadın bariz nümunəsi idi. Məhz xidmətlərində göstərdiyi fədakarlığa görə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdu.
Anar Əliyevin peşəkarlığı xüsusilə 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən və Azərbaycan hərb tarixində mühüm yer tutan Günnüt əməliyyatı zamanı bir daha öz təsdiqini tapdı. Yeddi gün davam edən uğurlu hərbi əməliyyat nəticəsində Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya yüksəklikləri, eləcə də digər strateji mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu əməliyyatlarda xüsusi təyinatlı zabit kimi göstərdiyi xidmətlərə görə Anar Əliyev "Şücaətə görə" medalı, "Qüsursuz xidmətə görə" I dərəcəli medalı və digər dövlət təltifləri ilə mükafatlandırıldı.
Ümumilikdə, Vətən müharibəsinə qədər Anar Əliyev müxtəlif xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülmüş, "Hərbi xidmətdə fərqlənməyə görə" II və III dərəcəli, "Qüsursuz xidmətə görə" I, II və III dərəcəli medallarla, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilmişdi. Bu mükafatlar onun uzun illər ərzində Vətənə sədaqətlə xidmət etməsinin dövlət səviyyəsində verilən qiyməti idi.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Anar Əliyevin həyatının ən şərəfli və eyni zamanda ən müqəddəs mərhələsinə çevrildi. Həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Briqadasının komandiri olan polkovnik-leytenant Anar Əliyev döyüşlərə qatılmaq üçün komandanlığa müraciət etdi və oktyabrın 11-dən etibarən ön cəbhədə döyüş əməliyyatlarına rəhbərlik etməyə başladı.
Onun rəhbərlik etdiyi xüsusi təyinatlı bölmələr Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd istiqamətlərində aparılan döyüşlərdə xüsusi şücaət göstərdilər. Hadrut istiqamətində on gündən artıq davam edən ağır döyüşlər zamanı strateji əhəmiyyətə malik mövqelərin azad olunması uğrunda gedən əməliyyatlarda Anar Əliyevin rəhbərlik etdiyi briqada xüsusi fərqləndi. 14–17 oktyabr tarixlərində Füzuli və Xocavənd rayonlarının onlarla yaşayış məntəqəsinin azad olunması istiqamətində həyata keçirilən uğurlu əməliyyatlarda onun rəhbərlik etdiyi xüsusi təyinatlıların peşəkarlığı həlledici rol oynadı.
Polkovnik-leytenant Anar Əliyev 2020-ci il oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. O, Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Anar Əliyevə ölümündən sonra Azərbaycanın ən ali hərbi fəxri adlarından biri olan "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Bununla yanaşı, o, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və ölümündən sonra "Vətən uğrunda" medalları ilə də təltif edildi. Bu təltiflər onun Vətən qarşısındakı misilsiz xidmətlərinin dövlət tərəfindən verilən yüksək qiyməti kimi tarixə həkk olundu.
Verilişin studiya qonaqları – ehtiyatda olan polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Elnur Şirinov və ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi dövründə Xüsusi Təyinatlı Briqadanın əməliyyat bölmə rəisi olmuş Elsevər Hacıyev Anar Əliyevin döyüş yolu, komandirlik bacarığı və hərbi fəaliyyətinə dair ətraflı fikirlərini bölüşdülər.
Müzakirələr zamanı xüsusi vurğulandı ki, Anar Əliyev yalnız peşəkar zabit deyil, həm də şəxsi nümunəsi ilə əsgərlərinə ruh verən, ən çətin tapşırıqları ön sırada yerinə yetirən, düzgün qərar qəbul etməyi bacaran, yüksək iradəli komandir idi. Döyüş yoldaşlarının etimadını qazanması, xüsusi təyinatlıların ən mürəkkəb əməliyyatlarını uğurla idarə etməsi və şəxsi heyətin təhlükəsizliyini hər zaman ön planda saxlaması onun zabit nüfuzunu daha da artırmışdı.
"Şəhidlik zirvəsi" verilişi təkcə bir qəhrəmanın həyat salnaməsini təqdim edən televiziya layihəsi deyil. Bu veriliş Azərbaycan əsgərinin Vətən sevgisinin, xalqımızın milli birlik ruhunun və şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın bədii-publisistik ifadəsidir. Burada səsləndirilən hər fikir, hər xatirə və hər fakt tamaşaçıya bir həqiqəti xatırladır: Azərbaycanın bugünkü azadlığı minlərlə qəhrəman oğulun qanı və canı bahasına qazanılmışdır.
Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Vaqif oğlu Əliyevin ömür yolu Azərbaycan zabitinin peşəkarlığını, mərdliyini, Vətənə sədaqətini və şəhidlik zirvəsinə ucalan qəhrəmanlıq salnaməsini özündə əks etdirən parlaq örnəkdir. Onun timsalında bütün şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərin Vətən sevgisinin, milli ruhunun və dövlətçilik düşüncəsinin formalaşmasında daim örnək olacaqdır.
https://youtube.com/watch?v=vE2ypzNvjfo&si=wrwomNo47fTIZ3gE
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Əlirza İsbəndiyarov,
tədqiqatçı-jurnalist,
ZİMDTDİB-nin sədr müavini
