Sözə könül verənlərin izi ilə...
Son günlər sosial şəbəkələr vasitəsilə Azərbaycanın müxtəlif bölgə və rayonlarında formalaşan ədəbi mühiti izləməyə başlamışam. Hər bölgənin özünəməxsus ədəbi nəfəsi, öz söz adamları, yeni imzaları və yaradıcılıq axtarışları gördükcə ruhən sevinirəm.
Bu baxımdan aktiv fəaliyyət ilə ilk diqqətimi çəkən Cəlilabad rayonunun ədəbi mühiti oldu. Burada imzalarına böyük hörmət bəslədiyim bir çox yaradıcı insanlar var. Elə buradan, sosial şəbəkə üzərindən bu bölgədən olan qələm sahiblərinin yaradıcılığı ilə tanış olduqca görürəm ki, burada həm yeni imzalar meydana çıxır, həm də artıq öz sözünü deməyə başlayan, yaradıcılıq yolunda inamla addımlayan şair və yazıçılar yetişir.
Bu gün həmin ədəbi mühitdə olan, yaradıcılığına bir dəfə müraciət etdiyim, bu gündə öz şeirləri ilə diqqətimi çəkən gənc şairə xanımlardan biri haqqında söhbət açmaq istəyirəm.
Bu imza Hicran Nadir qızı Əhmədlidir.
Hicran Əhmədli 1982-ci il martın 28-də Cəlilabad şəhərində dünyaya göz açıb. Sonralar valideynləri ilə birlikdə rayonun indiki Günəşli (keçmiş Pokrovka) kəndinə köçərək burada yaşayıb. O, Cəlilabadın tanınmış ziyalılarından və dövlət məmurlarından olmuş mərhum Rəşid Əhmədovun nəvəsidir.
Hicran xanım 2000-ci ildə Əfilağa Həsənov adına Şəhriyar kənd 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Sonrakı illərdə təhsilini tibb bacısı ixtisası üzrə davam etdirib. 2003-cü ildə ailə həyatı quraraq Bakı şəhərinə köçüb. Hazırda ailəlidir, iki övladı var.
Amma insanın həyatda seçdiyi peşə heç də həmişə onun ürəyində yaşatdığı arzuları, duyğuları və istedadları kölgədə qoya bilmir. Bəzən insanın daxilində illərlə səssiz-səssiz yaşayan bir söz zamanı gələndə üzə çıxır, dilə, misraya, şeirə çevrilir.
Hicran xanımın ədəbiyyata, xüsusilə poeziyaya marağı, eşitdiyim və bildiyimə görə hələ məktəb illərindən başlayıb.
Çünki, Günəşli (keçmiş Pakrovka)kəndi mənim üçün doğulub böya başa çatdığım Ağsu rayonunun Ləngəbiz kəndi qədər doğma və əzizdir. Bəlkədə deyərəm o kəndin böyük əksəriyyəti məni öz kəndçilərimdən yaxşı tanıyır. Bələ də elə buna görə maraq məni yenidən o kəndin dəyərli ziyalısı, gözəl şairəmiz Hicran xanımın yaradıcılığına çəkib gətirdi. Bilmirəm...
Amma bildiyim odur ki, Hicran xanımın bu kənddə formalaşan şeirə olan sevgisi illər keçdikcə daha da dərinləşib. Son illərdə isə bu maraq və yaradıcılıq həvəsi daha da güclənərək onu sözə, poeziyaya və bədii ədəbiyyata möhkəm bağlayıb.
Hicran Əhmədli yalnız şeir yazmaqla kifayətlənmir. O, nəsr sahəsində də qələmini sınayır, hekayələr yazır. Bu isə onun yaradıcılıq imkanlarının yalnız bir istiqamətlə məhdudlaşmadığını göstərir.
Şairənin yaradıcılığında mövzu rəngarəngliyi də diqqətdən yayınmır. Vətən sevgisi, milli duyğular, məhəbbət, ayrılıq, həyatın ağrılı və kədərli məqamları, insan hissləri və uşaqlar üçün yazılan şeirlər onun yaradıcılığında özünə yer tapır.
Hicran xanımın qələmindən süzülərək ərsəyə gələn “Söz xəzinəsi”, “Zəfər”, “Şam işığı”, “Qarabağ Azərbaycandır!” və “Zirvəyə gedən yollar” kimi şeirləri müxtəlif ədəbi-bədii və elmi-publisistik məcmuələrdə, eləcə də “Xəzan” və “Azad qələm” kimi ədəbi-bədii dərgilərdə işıq üzü görüb.
Şairənin yaradıcılığına marağımın başqa bir göstəricisi isə onun bəzi şeirlərinin musiqiyə çevrilməsidir.
Belə ki, 2023-cü ilin avqust və sentyabr aylarında tanınmış türk bəstəkarı Ərdoğan Tozoğlu Hicran xanımın “Hələ yaşa sən” və “Payız günləri” adlı şeirlərinə musiqi bəstələyib.
Bundan başqa, gözəl şairəmiz və bəstəkarmız Yaqut Almaz da şairənin “Bir oğul böyütdü Səmayə ana” adlı şeirinə musiqi bəstələyərək həmin əsəri “101 mahnı” adlı kitabında təqdim edib.
Əlbəttə, bir şair üçün yazdığı sözlərin başqa bir sənət sahəsində — musiqidə özünə həyat tapması ayrıca bir sevincdir. Çünki şeir kağız üzərində qaldıqda müəlliflə oxucu arasında, mahnıya çevrildikdə isə müəlliflə daha geniş dinləyici arasında mənəvi körpü yaradır.
Hicran Əhmədli yaradıcılıqla yanaşı, ədəbi proseslərdə də fəal iştirak edir. O, son zamanlar “WhatsApp” platformasında fəaliyyət göstərən “Həməşəra Poeziya Məclisi”-nin idarəçilərindən (adminlərindən) biridir. Belə məclislərin fəaliyyətində iştirak etmək, qələm sahiblərini bir araya gətirmək, onların yazılarını paylaşmaq və poeziyaya marağı artırmaq da ədəbi mühit üçün az əhəmiyyət daşımır.
Mənə görə, ədəbiyyatda yeni imza haqqında danışmaq həm də bir məsuliyyətdir. Çünki hər yazan şair, hər şeir yazan isə hələ ədəbiyyat adamı demək deyil. Bunun üçün zaman, zəhmət, mütaliə, yaradıcılıq axtarışı və ən əsası, öz sözünü tapmaq lazımdır.
SÖZÜN RƏNGİ, RƏNGİN SÖZÜ...
Hicran Əhmədlinin "RƏSSAMA" Şeirinə Bədii Baxış.
Böyük ədiblərimizdən eşitmişəm ki, poeziya ruhun gizli pıçıltısıdırsa, rəsm həmin pıçıltının vizual rəqsidir. Bu barədə bir neçə ədəbi-bədii təhlillərdə də oxumuşam. Çox zamanda yaradıcılıq aləmində şairlə rəssamın dialoqu həmişə ən kövrək, ən dərin mövzulardan biri olub. Bu gün sizlərlə poetik mühitimizdə xüsusi bədii çəkisi olan, oxucunu ilk misralardan sehrinə salan, gözəl şairəmiz Hicran Fuad Əhmədlinin "Rəssama" şeirinin gizli qatlarına boylanmaq istəyirəm.
Hicran xanım haqqında hələ ilk yazımda bildirmişdim ki, onun poeziyası yaşanan həyatın duyğusudur. Çox gözəl yaradıcılıq üslubu olan Hicran xanımın bütün poetik düşüncələri insanı fikirləşməyə cəlb edir.
Gözəl şairəmiz Hicran Əhmədlinin bu şeirində rəssam obrazı ilə dərdli insanın daxili dünyasını birləşdirməsi çox maraqlı alınıb. Burada adi bir rəsm sifarişi yoxdur. Əslində şairəmiz rəssamdan öz zahirini yox, daxilini — dərdini, tənhalığını, həyat mübarizəsini çəkməsini istəyir. Şeirin əsas ideyası da məhz buna köklənib.
Çünki, Hicran xanım tam açıqlığı ilə göstərir ki, insanı yalnız üzündən tanımaq olmaz. Onun əsl portretini yaratmaq üçün gərək ürəyində daşıdığı dərdləri də görüb, duyub öz rəngində obrazlı çəkmək lazımdır.
Elə ilk bənddən şairəmiz tərəfindən bu fikir qoyulur;
"Rəssam, bəlkə məni tabloya aldın,
Tabloda sən məni bax, əzəl yarad.
Rəsmimi çəkərkən, qəlbimi də çək,
Qəlbimi hey zəngin,bax gözəl yarad!"
Şairəmizin buradakı “zəngin qəlb” ifadəsi xüsusilə uğurludur. Çünki Hicran xanım rəssamdan özünü gözəlləşdirməsini yox, qəlbinin zənginliyini göstərməsini istəyir. Yəni zahiri gözəllikdən daha çox mənəvi portret tələb olunur.
Burada maraqlı bir paradoks yaranır:
Rəssam şəkil çəkir, şair isə dərdini çəkdirir. “Çək” sözünün təkrar-təkrar işlənməsi də təsadüfi deyil. Həm rəsm çəkmək, həm də dərdi çəkmək mənası yaranır. Bu da, şeirin əsas söz oyunlarından biridir.
Şairəmiz daha sonra birdən - birə mənzərəni daha da genişləndirir.
"Hamıdan uzaq çək, dərdə lap yaxın,
Ləpəli dənizdə aşan tək qayıq,
Dənizə qərq olmuş yelkənləri çək,
Sularda yan almış, çaşan tək qayıq!"
İnsanın qayıqa çevrilməsi,
“Ləpəli dənizdə aşan tək qayıq",
və yaxud ..."Sularda yan almış, çaşan tək qayıq!” - ifadəsi ilə şairə xanım "qayıq"ı obrazlı formada insanın özünə bənzətməsindən söhbət gedir. Dəniz isə həyatdır. Ləpələr həyatın çətinlikləri, yelkənlər isə insanın yolunu müəyyənləşdirən ümid və güc kimi qəbul edilə bilər.
“Hamıdan uzaq çək, dərdə lap yaxın”
misrası isə bəndin ən güclü yeridir. Çünki, bu hall insanın zahiri tənhalığını yox, dərdə yaxınlığını göstərir.
"Burulğan tək sarıb dərdlərim məni,
Dəniz alsa əgər üzgün suda çək!
Dalğalar çırpacaq qumlu sahilə,
Rəssam, rəsmimi sən,
düzgün suda çək!"
Şeirin bu bəndində dərdin burulğana çevrilməsi artıq dərd sadəcə hiss deyil. Şairə burada;
“Burulğan tək sarıb dərdlərim məni”
ifadəsi ilə göstərir ki, dərd insanı əhatə edən, çıxmağa imkan verməyən qüvvəyə çevrilir. Ardınca dəniz və dalğa obrazları davam edir. Bu da şeirin bütün bəndlərini bir-birinə bağlayır.
Şeirdə, “Düzgün suda çək” ifadəsi maraqlıdır, amma eyni zamanda şeirdə ən çox düşündürən yerlərdən biridir. Burada şairəmizin rəssama demək istədiyi məqsədi “məni həqiqətə uyğun, olduğum kimi göstər” mənasındadır.
Burada bir nüansı da deməyi özümə borc bildim ki, “düzgün” sözü bir qədər nəsrlə səslənir. Bildiyimə görə, Hicran xanım poetik baxımdan daha obrazlı ifadə tapmaq imkanı olan şairələrimizdəndir.
Şairəmiz növbəti bənddə çox gözəl tənhalığın paradoksun, yəni, insan zehninin qəbul etməkdə çətinlik çəkdiyi, lakin içində əsas olan məntiqi vəziyyəti yaradıb.
"Qumlu sahildə mən tənha,
tam yalqız,
Dörd bir yanımdadı,coşan dərdlərim.
Yalqız qoymadı ki, onlar heç məni,
Dənizdə batırdı daşan dərdlərim!"
Burada çox gözəl bir fikir var;
“Yalqız qoymadı ki, onlar heç məni...”
Çünki insan təkdir, amma dərdləri onu tək qoymur. Bu da, şeirin ən yaxşı fəlsəfi qarşıdurmalarından biridir. İnsan yalqızdır, amma dərdləri çoxdur ;
“Dənizdə batırdı daşan dərdlərim!”
burada artıq dərdlərin özünün də “daşması” göstərilir. “Dərd” və “dəniz” paraleli şeirin emosional yükünü artırır.
Sonuncu bənd, deyərdim ki, şeirin ən orjinal hissəsidir.
"Dalğalar, ləpələr təşəkkür sizə,
Qoymadız hikkəli dənizdə məni!
Sular sizdən ricam yuyun dərdimi,
Dərdlərim edibdir kəniz də məni !"
Burada “kəniz” sözü çox güclü müqaisə, bənzətmədir. Dərd insanı özünə qul, xidmətçi vəziyyətinə salıb. Amma eyni zamanda “kəniz” sözünün yaratdığı məna “dərdlərimin əlində əsirəm” fikrini gücləndirir.
Daha maraqlısı budur ki, şeir əvvəl rəssama müraciətlə başlayır, sonda isə dalğalara və sulara müraciətlə bitir. Beləliklə, rəssamın çəkə bilmədiyi dərdi dənizin yumasını istəyir.
Şair bununlada yaxşı bir poetik dairə yaradır. Rəssam, insan, qayıq, dəniz, dalğa, dərd və suda təmizlənmə.
Ən əsası şeirdə səmimiyyət hiss olunur. Oxucu bunun sırf bədii qurğu olmadığını, şairin içindən gələn bir etiraf olduğunu hiss edir.
Amma bir neçə yerdə sözləri, fikiri cilalamaq olar. Əsasən dil və poetik axın baxımından bəzi misralar bir qədər ağır səslənir. Məsələn;
“Tabloda sən məni bax, əzəl yarad.”
Burada “əzəl” sözü poetik niyyət baxımından başa düşülür, amma misranın axıcılığını bir qədər zəiflədir.
Həmçinin:
“Dəniz alsa əgər üzgün suda çək!”
və
“Rəssam, rəsmimi sən, düzgün suda çək!”
fikrin nə olduğunu hiss etmək olur, amma ifadə bir qədər qapalıdır. Burada şeirin poetik səviyyəsini yüksəltmək üçün kiçik müdaxilə etmək olar.
Bir də “qayıq”, “dəniz”, “dalğa”, “sular” obrazları beş bənd boyunca kifayət qədər təkrarlanır. Bu, bir tərəfdən şeirin bütövlüyünü yaradır, digər tərəfdən bəzi yerlərdə eyni obrazların yükünü bir az artırır.
Nəticə olaraq Hicran xanımın "Rəssama" şeiri sadəcə misraların düzümü deyil, bədii bənzətmələrlə zəngin, insan ruhunun portretidir. Şair sözlə elə bir rəsm çəkib ki, oxucu o tablonun qarşısında dayanıb öz keçmişini, öz arzularını və öz gizli pıçıltılarını eşidir.
Mən bu yazımla birdə onu bildirmək istəyirəm ki, Hicran xanımın qarşısında hələ uzun bir yaradıcılıq yolu var. Bu yolun bundan sonrakı mərhələsində onun öz poetik səsini daha da cilalayacağına, yaradıcılıq imkanlarını genişləndirəcəyinə və yeni-yeni əsərlərlə oxucularının qarşısına çıxacağına inanıram.
Çünki ədəbiyyatda yolun uzunluğu qədər istiqaməti də vacibdir. Sözə könül verən insan isə bu yolda nə qədər səmimi, nə qədər zəhmətkeş və nə qədər axtarışda olarsa, bir o qədər öz oxucusunu tapa bilər.
Hicran Əhmədliyə də bu çətin, lakin şərəfli yaradıcılıq yolunda uğurlar arzulayıram.
Qələminiz var olsun, Hicran xanım!
Sözünüz işıqlı, ilhamınız bol, yaradıcılıq yolunuz açıq olsun!
Yeni imzaların yoluna işıq salmaq, onların yaradıcılığını oxucuya təqdim etmək isə, məncə, ədəbiyyata xidmətin özünəməxsus bir formasıdır.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin üzvü,
Şair-publisist.
