Sizin reklam burada
Sizin reklam burada
  • Bişkekdə mühüm görüş: Azərbaycan və İran arasında nəqliyyat gündəliyi

    “Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla da görüşü baş tutdu. Azərbaycan və İran prezidentlərinin görüşü mühüm regional əhəmiyyət daşıyırdı. Görüş zamanı İran Prezidenti Azərbaycan dövlət başçısının İrana göstərdiyi dəstəyə və humanitar yardıma görə təşəkkürünü bildirdi. Eyni zamanda, İran tərəfi Azərbaycanla bütün sahələrdə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu ifadə etdi”.

    Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat hesab edir ki, bu amil öz-özlüyündə Bakı–Tehran münasibətlərində yeni bir mərhələnin başlanğıcından xəbər verir.

    “Açığı deyək ki, Amerika–İran müharibəsi fonunda cənub qonşumuzdakı müəyyən siyasi dairələr iki ölkə arasında münasibətlərə zərbə vurmağa çalışırdılar. Azərbaycana qarşı əsassız iddialar irəli sürülürdü. Lakin Bişkekdə İran Prezidentinin Azərbaycana bu ölkəyə verdiyi dəstəyə görə təşəkkür etməsi onun göstəricisi idi ki, cənub qonşumuzda kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq, mərkəzi hakimiyyət Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Çünki hər iki ölkənin münasibətlərində regionun təhlükəsizliyi, nəqliyyat əlaqələri və iqtisadi əməkdaşlıq xüsusi rol oynayır. Ən əsası, Azərbaycan üçün İran həm qonşu dövlət, həm də Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm tərəfidir. Elə Bişkek görüşündə də iki ölkə prezidentlərinin görüşündə sözügedən məsələlər ön planda oldu”, – deyə deputat bildirib.

    Nəsib Məhəməliyevin fikrincə, bu görüşü yalnız ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, Cənubi Qafqazın və Avrasiyanın yeni nəqliyyat xəritəsinin formalaşdırılması baxımından da əhəmiyyətli saymaq olar. Zəngəzur dəhlizinin işə düşməsi ilə bu əməkdaşlıq, xüsusilə nəqliyyat əlaqələri daha da möhkəmlənə bilər: “Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət əvvəl də dediyi kimi, Rusiya istiqamətindən gələn yük axınları Azərbaycan və Zəngəzur–Naxçıvan xətti ilə İrana və oradan Fars körfəzinə çıxa bilər. Bu arada, Araz üzərindən İranla bağlantı qurmaq layihəsi də tərəflər arasında müzakirə predmetidir. Bütün bunlar İran üçün əlavə imkanlar deməkdir”.

    Deputat vurğulayıb ki, ümumilikdə, Azərbaycan–İran nəqliyyat əlaqələrinin inkişafında Zəngəzur + Araz + Şimal–Cənub + Orta Dəhliz sxemi cəlbediciliyi ilə seçilir. Beləliklə, Bakı və Tehran bir-birini tamamlayan regional nəqliyyat şəbəkəsi formalaşdırmış olurlar.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ