Bəradər Səməndərli
GECDİ, QATAR GEDİBDİ...
Sənə könül verəndə, inkar eylədin nədən?
İndisə, eşq umursan sevmədiyin bəndədən.
İki ürək daşıya bilərmi heç bir bədən,
İlan kimi sancırdın, zəhər vardı dilində,
Gecdi, qatar gedibdi, bilet yanıb əlində.
Daha qurtarıb nazın, səngiyibdi davan da,
Hardan axtarıb tapım sənin üçün "lavanda"?
Öz sazını özün çal, dur oyna öz havanda,
İstəyirsən bəmnində, istəyirsən zilində,
Gecdi, qatar gedibdi, bilet yanıb əlində.
Sən iynə, mən sap idim, çəkə bilmədin məni,
İlmə-ilmə qəlbinə tikə bilmədin məni.
Zamanında a zalım, qaçırmısan ilməni,
Sevilən vaxtları var çiçəyin də, gülün də,
Gecdi, qatar gedibdi, bilet yanıb əlində.
Mən "ehtiyatda" idim, başqasıyçun dəliydin,
"İki sevda çəkənin cəzasın" bilməliydin.
Havan başqa havaydı, qaş-gözü sürməliydin,
Yandırıb Bəradəri, sovururdun külün də,
Gecdi, qatar gedibdi, bilet yanıb əlində.
TÜLKÜSÜ VAR, ÇAQQALI VAR ORMANIN
Həyat xəlbir, əməl dəndi, duyana,
Əyrisi bir yana, düzu bir yana.
İbtidai-icmadan üzü bu yana,
Dava gedir üzərində yorğanın.
Keçdi bahar, qarşıdadı qar-boran,
Vaxtlı-vaxtsız yolçuları var yoran.
Aslanı çeşmədən susuz qaytaran,
Çaqqalı var tülküsü var ormanın.
Gözə bax, qaşa bax, nənəm yaşdadı,
Əyləncə, eyş-işrət qələm qaşdadı.
Həqiqət ayaqda, yalan başdadı,
Gözləyirik İlahinin fərmanın.
Cəmiyyətə vuranlar var zədəni
İndi kişi çağırırlar gədəni.
Plastiklə incidirlər bədəni,
Öz rolu var bədəndə hər orqanın.
Səməndərli, hara gedir bu bəşər,
Nədən xeyir arxadadı, üzdə şər?
Qiyamətdə, gecə-gündüz birləşər,
Yetişibdi yoxsa, sonu dünyanın?
İSLANDIQ TALEYİN QƏM YAĞIŞINDA
Yağdı başımıza günahlarımız,
İslandıq taleyin qəm yağışında.
Taptandı ləyaqət, silindi həya,
Tumançaq qızların davranışında.
Əsilsiz, nəsilsiz buqələmunlar,
Üz tutub Tanrıya danışdı asi.
Yeri silkələdi Göyün qəzəbi,-
Daşdı İlahinin səbir kasası.
Bürüdü dünyanı koronavirus,
Nə demək olduğun bilən də yoxdu.
Haqqa tapınmağdı nicat yolumuz,
"Nuhun gəmisi"nə minən də yoxdu.
Keçmişin unudan Allahın danır,
Dinsizlik şeytanın qələbəsidir.
Tanrıdır yaradan küllü-aləmi,
Dünyanın xilası əzan səsidir.
Vəzifə xəstəsi, pul hərisləri,
Həyanı, vicdanı hərraca qoyur.
Quyruğu qapıda qalanda isə,
Satır bir-birini, "bağac"a qoyur.
Nədən yaxşıların ömrü az olur?-
Dadlı meyvələrin qurd içindədi.
Vətənin qeyrətli oğullarının,
Torpaq içindədi, yurd içindədi.
Axirət qapısı-tərəzi gözü,
Bəradər, əməllər mizandan keçir.
Durna qatarıdı ömür karvanı,
Əməli salehlər nizamla "köçür".
