Hicran Fuad Əhmədli
GECƏLƏRİM
Gecə keçir, saat üç,
Yuxu getmir gözümə.
Ruhum rahat buraxmır,
Dirəşibdir üzümə.
...Bu dünyanın dərdini,
Çəkmək mənə qalıbmı?
Alt-üst edib duyğumu,
Məni satın alıbmı?
Başı qoydum balınca...
Nə faydası qoymağın.
Çoxdan tapıb fikirlər
Yorğun beyni yormağı.
Gecənin bir aləmi,
Necə edim, bilmirəm.
Sinəm dolub sözlərlə,
Əlim gəlmir, silmirəm.
Asılıbdır özümdən,
Qələm məni sürüyür.
Tələs, deyir, tez götür,
Ürəyi qan bürüyür...
Bir gecədir, bir zülmət,
Bir də kağız, dəftərim.
Bəzən olur göz nəmli,
Həm süzülür qan-tərim.
Səsə qızım oyanır,
Deyir:"Ana, saatdan
Yoxmu sənin xəbərin?
Əl üzmüsən həyatdan!"
Mən nə edim, ay qızım?
Anan dəli deyildir.
Gecələri yazmasa,
Bu dünyada səfildir...
Kəlmələrim süzülsə,
Doğulacam həyata.
Özümdən hey qaçsam da,
Çətin məni o ata.
