7-8 yaşım olardı, böyük qardaşımın kitabını cırmışdım, buna görə qardaşım məni möhkəm döydü, ağladım və qardaşımdan küsdüm, onu "öldürmək" istəyirdim. Həmin günün şər qarışan vaxtı qonşu uşaqlarla məhlədə top oynayırdıq, yaxşı qapıçı olmadığına görə komandamızın böyük uşaqları qardaşımı döymək istədilər, özümdən asılı olmayaraq özümü verdim qabağa, qardaşımı müdafiə elədim. Gün ərzində öldürmək istədiyim qardaşım üçün “ölüm”ə getməyə hazır idim.
Buna oxşar bir hadisə tələbə vaxtı da başıma gəlib. Bakı Dövlət Universitetində oxuduğum vaxtda 7 nömrəli yataqxanada qalırdım, tez-tez 2 nömrəli yataqxana uşaqları ilə bizim yataqxana uşaqları arasında dava düşürdü, kimliyindən asılı olmayaraq hər yataqxananın tələbəsi (yanlış tərəf olsa belə) öz binasında qalan tələbəni müdafiə edirdi. Kim ki, bu söhbətlərdən uzaq qalırdı, ona qorxaq, xain, nankor kimi baxırdıq. Ümumiyyətlə, hər yerdə, hər sahədə belədir. Bir kənddə yaşayırsansa, başqa kənd adamları yanında öz kəndini, başqa rayon camaatı yanında öz rayonunu, başqa şəhərlilər yanında öz şəhərini və yerlilərini müdafiə etmək hissin qabarır. Bu gün isə tamam başqa mənzərə, daha böyük məsuliyyət tələb edən vəziyyətdir. Ölkəmizdə COP29-un tədbiridir. Bütün dünyanın gözü Azərbaycandadır, daha doğrusu, bütün dünya Azərbaycandadır. Bu gün hər bir azərbaycanlı öz ölkəsini təmsil edir, Zimbabvedən gələn yazıçı Tsitsi Dangarembga bilməməlidir ki, bizdə uşaqpulu verilir, ya verilmir, ya da Çindən gələn heykəltəraş Çin Kon Can duymamalıdır ki, Azərbaycanda hansısa sosial problemlər var. Guya bilsələr nə olacaq? Gəlib bizə uşaqpulu verəcəklər? Yoxsa, qaz sayğacımıza pul yükləyəcəklər? Kim ki, belə bir vaxtda ölkənin daxili problemlərini qaldırır, deməli nəsə gözləntisi var, ya Çin Kon Candan, ya da başqa xarici qüvvələrdən nəsə gözləyir. Belə bir insana isə “satqın” demək ən yumşaq etirazdır.
Digər tərəfdən, mən az öncə COP29-un öncəki illərdə müxtəlif ölkələrdə keçirilən tədbirlərini araşdırdım, məsələn, 2015-ci ildə COP21 konfransı Fransada keçirilib, ümumilikdə, tədbirdə 150-dən az ölkəni təmsil edən 50 minə yaxın insan iştirak edib. Bu gün isə Azərbaycanda 170-dən çox ölkəni təmsil edən 80 minə yaxın insan iştirak edir. Öz aramızdır, evimizə 10 nəfərlik qohum ailə qonaq gələndə mətbəximizdə aləm qarışır, 30 nəfərlik bir ad günü keçirmək üçün nələrə qatlaşırıq, indi isə Azərbaycan ailəsinə 80 minə yaxın qonaq gəlib və mətbəxtdə də aləm qarışmayıb, hər şey yüksək səviyyədə təşkil olunub, bunu tədbir üçün məsuliyyət daşıyan insanlar edib, təkcə özləri üçün yox, həm özləri, həm ölkəmiz, həm də bizim üçün ediblər, biz bu ölkənin bir parçasıyıq, bu ölkədə baş verən yaxşı hadisələrin də, pis hadisələrin də birbaşa bizə aidiyyatı var. Kimlərsə bunu belə dərk etmirsə, onun problemidir, demək ki, o adamlar vətəninə, millətinə yox, başqa qüvvələrə xidmət edir. Guya lap satqın olsun, nə edə biləcəklər ki? Danışdıqları havadan başqa bir şey deyil.
Vətənini sevməyən insan vətən xaini kimidir. Belə insanlar hər fürsətdə ağa qara yaxmaq üçün hava danışırlar. Yəqin ki, tütək səsini eşitmisiz. Tütək qədim zamanlarda Azərbaycan ərazilərində yaranıb. İlk tütəyi çoban çalıb. Özü üçün həzin musiqilər ifa edirmiş. Başqa bir çoban da gəlib ki, bu tütəyi öyrənsin, amma nə qədər üfləyibsə, çala bilməyib. Çünki birinci çobanın tütəkdən çıxan səsi müsiqiyə, sənətə çevrilirdi, ikinci çobanın tütəyindən isə sadəcə hava çıxırdı, ona hava danışan deyirdilər, yəni tütəkdən çıxan havanı musiqi adlandıran gopçu adam. İndi COP29 kimi möhtəşəm bir tədbirə ev sahibliyi etdiyimiz bir vaxtda hansısa xarici qüvvələrin oyuncağına çevrilmiş bəzi həmyerlilərimiz durub Azərbaycan əleyhinə hava danışırlar. Anlamırlar ki, COP29 təkcə Azərbaycanın deyil, bütövlükdə yer kürəsinin tədbiridir və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması üçün böyük imkanlar yaradan bir tədbirdir.
