Bu barədə siyasi şərhçi Araz Balayev deyib.
O bildirib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə İran ətrafında baş verənlər təşkilatın “geosiyasi qalxan” rolunu ön plana çəkdi. Ortaq hərbi təlimlərin keçirilməsi bu baxımdan önəmlidir.
“Türk dövlətləri artıq gücün birlikdə olduğunu anlayır. Bu səbəbdən qlobal təhdidlərə qarşı ortaq mövqe sərgiləyirlər. Bu amil üzv ölkələrin imperialist güclərdən asılılığının azalmasına səbəb olur. Deməli, müstəqil xarici siyasət üçün daha münbit şərait yaranır. Azərbaycan da bu baxımdan həm təşkilatın imkanlarından yararlanır, həm də qurumun güclənməsi üçün bütün resurslarını səfərbər edir. Ölkəmiz təşkilat daxilində körpü rolunu oynayır. Xəritəyə baxsaq, Mərkəzi Asiyada dörd türk dövləti – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı görərik. Bizdən qərbdə isə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Avropanın mərkəzində Macarıstan yerləşir. Azərbaycan isə bu böyük ailəni birləşdirən yeganə məkandır. Bakının artan rolu “Mərkəzi Asiya plus” formatının meydana çıxması ilə nəticələndi. Kimlərsə bu amilin TDT-dən kənar fəaliyyət olduğunu düşünə bilər, amma hesab edirəm ki, bu Azərbaycanın Mərkəzi Asiyadakı türk dövlətləri ilə uğurlu siyasi addımlarının nəticəsi idi”, - deyə A.Balayev qeyd edib.
Siyasi şərhçi vurğulayıb ki, dünyada müharibələr artdıqca təhlükəsiz məkanlar ön plana çaxmağa başlayır: “Çünki ticarət üçün təhlükəsizlik əsas şərtdir. İndi Türk Dövlətləri Təşkilatı regionda ticarət və əməkdaşlıq üçün bu imkanları təqdim edən yeganə qüvvədir. Əgər biz bu gün Çinlə Avropanı birləşdirən Orta Dəhlizdən, təhlükəsiz ticarət imkanlarından danışa biliriksə, bu TDT-yə üzv dövlətlərin ortaq uğurudur və bu hələ başlanğıcdır”.
