Sizin reklam burada
Sizin reklam burada
  • Sahibə Qafarova: Bu qlobal tədbir Azərbaycana etimadın növbəti təzahürüdür

    Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 5-ci Konfransında Azərbaycanın evsahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında məlumat verib. Bildirilib ki, cari ilin may ayında Bakı şəhərində keçiriləcək sessiya "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq. Spiker deyib ki, bu Forum sürətli urbanizasiya ilə bağlı problemlərin həlli və bunun şəhərlərə, milli iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış yüksək səviyyəli beynəlxalq platformadır.
    Sahibə Qafarova həmçinin vurğulayıb ki, COP29-a uğurla evsahibliyi etdikdən sonra bu qlobal tədbir Azərbaycanın ümumi çağırışlar qarşısında birgə səyləri birləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürüdür.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəllər işğal altında olmuş və tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı tikinti və bərpa layihələrini həyata keçirir. Həmin ərazilərdə yeni yaşayış məntəqələri, nəqliyyat, enerji və iqtisadi infrastruktur qabaqcıl şəhərsalma prinsipləri əsasında qurulur və burada “yaşıl enerji zonası”, “ağıllı şəhər” və “sıfır tullantı” kimi innovativ konsepsiyalar tətbiq olunur. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunmuş üç milli şəhər forumu təcrübə və yeni təşəbbüslərin paylaşılması üçün mühüm platforma rolunu oynayıb və bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verib.
    Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun13-cü sessiyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq. Bu tədbirdə son onilliyə nəzər salınacaq və 2036-cı ilə qədər prioritetlər müəyyənləşdiriləcək. Spiker Sahibə Qafarova bütün üzvləri Forumun gündəliyində fəal iştirak etməyə və sürətli urbanizasiya ilə bağlı problemlərin həllində onun nəticələrini diqqətlə nəzərdən keçirməyə, gələcəyin şəhərlərinin inklüziv, dayanıqlı olması və ən əsası hər bir vətəndaş üçün layiqli yaşayış şəraitinin təmin olunması üçün birgə fəaliyyətə çağırış edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ