Bəradər Səməndərli
VAXTIDI
Yurdumuza qədəm qoyur yaz-bahar,
Tumurcuğun bələklənən vaxtıdı.
Yaşıl libasın geyinir təbiət,
Çəmənlərin çicəklənən vaxtıdı.
Günəş çıxır, hava qızır, gül açır,
Külək vurur, çiçəkləri yel açır.
Misra-misra ürəklərdə dil açır,
Arzuların vərəqlənən vaxtıdı
Qaranquşlar dövrə vurur havada,
Qürur, tikir özlərinə yuva da.
Nə zamandı çıxmırdar ova da,
Böcəklərin ürəklənən vaxtıdı.
Ömür-gün də fəsil-fəsil tələsir,
İlahinin hikmətdir belə sirr.
Gah yağış yağır, gah sərin meh əsir,
Havaların küləklənən vaxtıdı.
Bənövşələr dillərdə əzbərdilər,
Çiçəyindən şəfa tapır dərdlilər.
Şəkər ilə zəhər Xeyir-Şərdilər,
İlanların iməklənən vaxtıdı.
Fəslin yazıdı, ömrünsə payızı,
Yaradanın qismətidir bu yazı.
Yavaş-yavaş buludlanır ay üzü.
Səməndərlinin təklənən vaxtıdı.
