Sizin reklam burada
Sizin reklam burada
  • Əməkdaşlıqda yeni mərhələ


    Həbib Cəfərov

    YAP Astara rayon təşkilatının sədri


    Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Hazırda müzakirə edilən Azərbaycan-Kamboca münasibətləri ölkəmizin  Cənub-Şərqi Asiya regionunda mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində  oktyabrın 12-də Prezident İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə iki ölkə arasında tərəfdaşlığı gücləndirmək üçün böyük potensialın  mövcudluğu qeyd edildi. Ölkə Prezidenti İlham Əliyev vurğuladı ki, bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq.

    Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda əməkdaşlıq istiqamətlərinin reallaşdırılması üçün müvafiq işçi qrupunun fəaliyyətə başlaması və dövlət rəhbərlərinə təqdim ediləcək yol xəritəsinin hazırlanması ilə bağlı ilkin razılıq əldə olundu. Mətbuata bəyanatında “Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki,  Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.

     Azərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşmək imkanı əldə etməsindən məmnunluğunu ifadə edən Kambocanın Baş naziri  həmçinin Azərbaycanın işgüzar nümayəndə heyətini mövcud imkanları araşdırmaq üçün Kambocaya dəvət etdi. Bildirdi ki,  özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

    İki ölkə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirmək üçün ticarət və iqtisadi əməkdaşlığa dair çərçivə sazişi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş və diplomatik təhsil sahəsində əməkdaşlıq memorandumu imzalandı. Hər bir sənəd əlaqələrin gələcək inkişafında yol xəritəsi kimi dəyərləndirilir.

    Azərbaycan-Kamboca münasibətlərinin bütün sahələrdə uğurlu inkişafı üçün mövcud imkanlar geniş təhlil edildi. 30 ildən artıq diplomatik əlaqələrə malik olan Azərbaycan və Kamboca  ikitərəfli müstəvidə  təmasları intensivləşdirmək barədə razılıq əldə etdilər. İkitərəfli əlaqələrin uğurlu inkişafı beynəlxalq təşkilatlar daxilində də əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Kambocanın Baş naziri vurğuladı ki, çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kamboca əvvəllər də Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləmişdir. Dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ