Sizin reklam burada
Sizin reklam burada
  • AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

    Rəqəmsal texnologiyalar və onlayn xidmətlər həmkarlar ittifaqları üzvləri ilə əlaqənin operativ qurulmasına, müraciətlərin daha sürətli qəbuluna və məlumatlandırmanın genişlənməsinə mühüm töhfə verir. Bu imkanlardan biz də geniş istifadə edirik və bundan sonra da istifadə etməyə davam edəcəyik. Bu yanaşma dövlətimizin rəqəmsal transformasiya siyasəti ilə də uzlaşır.

    Bu barədə  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat verillib.

    Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların ehtiyaclarına uyğun rəqəmsal həllərin təqdim edilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və rəqəmsal platformaların geniş tətbiqi əsas prioritetlər kimi müəyyən edilib. Həmkarlar ittifaqları da üzvlərinə göstərilən xidmətlərin keyfiyyətinin və operativliyinin artırılması məqsədilə bu imkanlardan fəal şəkildə istifadə edir.

    Qeyd olunub ki, yollayışların verildiyi e-AHİK Elektron Rezervasiya Sistemi dövlət xidmətlərinin elektron reyestrinə daxil edilib və AHİK xidmət təminatçısı kimi çıxış edir. Bununla belə, əmək münasibətləri xaraktercə dinamik, həssas və daimi nəzarət tələb edən münasibətlərdir. Həmkarlar ittifaqı təşkilatlarının əsas məqsədi işçi ilə işəgötürən arasında ədalətli sosial dialoqu formalaşdırmaq, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə ictimai nəzarəti həyata keçirmək və işçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsini təmin etməkdən ibarətdir. Bir sözlə, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti canlı təmas, qarşılıqlı etimad və sosial dialoq tələb edir.

    “Texnologiyalar həmkarlar ittifaqlarının fəaliyyətini daha çevik və əlçatan edə bilər, lakin işçilərlə canlı təması və etimada əsaslanan münasibətləri tam əvəz edə bilməz. Ona görə də hesab edirik ki, gələcəyin modeli tam rəqəmsallaşma deyil, ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq”, - deyə məlumatda vurğulanıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ