Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq

    Sevinc Hüseynova

    YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin çoxşaxəli xarici siyasətinin, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi önəmin növbəti təzahürüdür.

    Prezident İlham Əliyevin bəyanatında Azərbaycan ilə Laos arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin mövcud vəziyyəti, əməkdaşlığın əldə etdiyi nəticələr və gələcək inkişaf istiqamətləri əhatəli şəkildə ifadə olunub. Dövlət başçısının vurğuladığı kimi, qəbul edilmiş Birgə Bəyanat və imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, gələcək fəaliyyət üçün konkret siyasi və institusional zəmin yaradır.

    Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və həmrəyliyin nümayiş etdirilməsi iki ölkənin münasibətlərinin möhkəm siyasi əsaslara söykəndiyini göstərir. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri isə əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.

    Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən mühüm məqamlardan biri siyasi dialoqun parlamentlərarası münasibətlər və hakim partiyalar arasında əməkdaşlıqla tamamlanmasıdır. Hər iki ölkədə dostluq qruplarının yaradılması, parlamentlərarası təşkilatlarda qarşılıqlı fəaliyyət və hakim partiyalar arasında imzalanmış Anlaşma Memorandumu siyasi münasibətlərin müxtəlif platformalarda inkişafına xidmət edir. Bu əməkdaşlıq əlaqələrin davamlılığının təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və xalqlar arasında dostluq münasibətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Dövlət başçısının iqtisadi əməkdaşlıqla bağlı fikirləri də xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyev mövcud ticarət dövriyyəsinin iki ölkənin real potensialını və niyyətlərini tam əks etdirmədiyini vurğulayaraq iqtisadi əlaqələrin intensivləşdirilməsinin vacibliyini qeyd edib. Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu bu baxımdan biznes dairələri arasında əlaqələrin qurulması, qarşılıqlı investisiya imkanlarının müəyyənləşdirilməsi və yeni layihələrin reallaşdırılması üçün mühüm platforma rolunu oynaya bilər.

     

    Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun genişlənməsi ölkəmizin iqtisadi imkanlarının, maliyyə potensialının və beynəlxalq iqtisadi əlaqələrinin artmasının göstəricisidir. Dövlətimizin investisiya siyasəti yalnız maliyyə qoyuluşları ilə məhdudlaşmır, eyni zamanda, yeni iş yerlərinin yaradılmasına, istehsal sahələrinin formalaşmasına və tərəfdaş ölkələrin iqtisadi inkişafına töhfə verir. Laos tərəfindən konkret investisiya layihələrinin təqdim olunması qarşılıqlı maraqlara əsaslanan iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yarada bilər.

    Təhsil sahəsində əməkdaşlığın bərpası təşəbbüsü də iki ölkə arasında humanitar əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələrimiz arasında mövcud tarixi və humanitar bağların göstəricisidir. Təqaüd mexanizmlərinin tətbiqi ilə bu ənənənin yenidən canlandırılması gənclər arasında əlaqələrin genişlənməsinə, bilik və təcrübə mübadiləsinə, eləcə də Azərbaycan təhsilinin beynəlxalq nüfuzunun artmasına xidmət edə bilər.

    Bəyanatda səsləndirilən mühüm məsələlərdən biri də mina təhlükəsi ilə mübarizədir. Azərbaycan və Laosun bu sahədə üzləşdiyi problemlər humanitar əməkdaşlığın genişləndirilməsini zəruri edir. Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində basdırılmış minalar bu gün də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mina qurbanlarının sayının azaldılması üçün təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlıq təkcə iki ölkə üçün deyil, ümumilikdə humanitar təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da faydalı ola bilər.

    Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri də Azərbaycan–Laos münasibətlərinin iqtisadi məzmununu zənginləşdirən istiqamətlərdəndir. Azərbaycanın regionda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafındakı rolu və beynəlxalq yükdaşımaların genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ölkəmizin mühüm tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı gələcəkdə onun Trans-Xəzər marşrutuna çıxış imkanlarını genişləndirə və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verə bilər.

    Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi tərəfdaşlığın geniş iqtisadi potensiala malik olduğunu göstərir. Əsas məsələ bu potensialın konkret layihələr, qarşılıqlı təşəbbüslər və ardıcıl fəaliyyət vasitəsilə reallaşdırılmasıdır. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, əməkdaşlıq üçün imkanlarla yanaşı, qarşılıqlı siyasi iradənin mövcudluğu da mühüm əhəmiyyət daşıyır.

    Bütövlükdə, Laos Prezidentinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində əldə edilmiş razılaşmalar ölkəmizin Asiya-Sakit okean regionu ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Bu səfər Azərbaycanın müxtəlif coğrafiyalarda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmək, yeni iqtisadi əlaqələr qurmaq və beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq siyasətinə uyğundur.

    Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, dost ölkələrlə əlaqələrinin dərinləşməsinə və yeni əməkdaşlıq platformalarının formalaşmasına xidmət edir. Azərbaycan–Laos münasibətlərinin gələcək inkişafı da məhz qarşılıqlı hörmət, etimad, həmrəylik və ortaq maraqlar prinsipləri əsasında daha geniş məzmun qazana bilər.

    Əminliklə demək olar ki, bu səfər çərçivəsində əldə olunmuş razılaşmaların ardıcıl icrası Azərbaycan ilə Laos arasında siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə, iki xalq arasında dostluq münasibətlərinin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ