![]()
Avropa İttifaqının Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) ilə Avropa Kosmik Agentliyi (ESA) sərhədlərin mühafizəsi və təhlükəsizliyin gücləndirilməsi üçün peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir.
Oktyabrın 13-də Varşavada Frontex-in icraçı direktoru Hans Laytens və ESA-nın baş direktoru Yosef Aşbaxer birgə sənəd imzalayıblar. Sənəd iki qurum arasında texniki əməkdaşlığın davam etdirilməsini və yeni əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.
Qurumlar 2015-ci ildən Avropa İttifaqının “Copernicus” Yer müşahidə proqramı çərçivəsində əməkdaşlıq edir. Peyklərdən əldə olunan görüntülər Aİ-nin xarici sərhədlərində vəziyyətin izlənilməsinə və milli sərhəd qurumlarının məlumatlandırılmasına kömək edir.
Əməkdaşlığın genişləndirilməsi çərçivəsində Varşavada ESA-nın təhlükəsizlik və dayanıqlılıq məsələlərinə həsr olunacaq mərkəzinin yaradılması da mühüm əhəmiyyət daşıyır. Tərəflər kosmik texnologiyaların sərhəd təhlükəsizliyi və fövqəladə vəziyyətlərə hazırlıq sahələrində tətbiqini araşdırmağı planlaşdırırlar.
