Sizin reklam burada
Sizin reklam burada
  • QƏLƏMİ VƏ SÖZÜYLƏ DÖYÜŞƏN ƏSGƏR

    Bəyanət Qasımov – AVMVİB Gəncə təşkilatının sədri, Politoloq, Azərbaycan Vətən Müharibəsi qazisi

    Ramiz Hümmətovun adını təxminən 15 il əvvəl eşitmişdim. Gəncədə İradə Aytelin Baş redaktoru olduğu qəzet çıxırdı – “Töhfə”. Qəzetə hərdən publisistik yazılar verirdim. “Töhfə”nin dizayn işlərini, çapını Ramiz müəllim görürdü. Sonra onun adını müxtəlif kitablarda, jurnallarda, qəzetlərdə gördüm. Haqqında söz düşəndə hamı ürəkaçan fikirlər söyləyirdi.
    44 günlük tariximizdən sonra mən Ramiz müəllimlə bir neçə dəfə yol yoldaşı oldum. Onu da deyim ki, bu şanlı tariximizdə az da olsa, mənim də əməyim var. Mən özüm Birinci Qarabağ döyüşlərinin qazisiyəm. Ramiz müəllimlə yolumuz “Polad ürəklər” layihəsi çərçivəsində şəhid və qazi ailələrində, anım günlərində və bir neçə tədbirlərdə birləşdi. Layihənin redaktoru Ramiz Hümmətovun çəkiliş ərəfəsində necə ürəklə, can-başla, bədəninin böyük olmasına rəğmən çevik hərəkətlərlə iştirakının şahidi olurdum. Bundan əlavə, Ramiz Hümmətov o müqəddəs ailələrdə, tədbirlərdə özünün bəlağətli, yığcam, təsəlli dolu çıxışlarıyla da yaddaşıma hopurdu. Sonra biz Ramiz müəllimlə uzun illərdir adını eşitdiyim, yaxşı əməllərinə şahid olduğum, sıralarında mənim də dostlarımın yer aldığı “Tovuz xeyriyyə Cəmiyyəti”nin təsis etdiyi kitab və jurnallarda rastlaşdıq. Bir neçə jurnalda o böyük insan mənim də arzu və xatirələrimin yaddaşlara köçməsinə yardımçı oldu.
    Sonuncu dəfə Ramiz Hümmətovla yolumuz İradə Aytelin müəllifi olduğu, Şəhid Aqil Məcidovun şərəfli ömür yollarına həsr edilmiş “Leytenant Məcidov” kitabının dərci ərəfəsində kəsişdi. Kitabın redaktoru mən, tərtibatçısı Ramiz Hümmətov idi. Bir neçə dəfə zəngləşərək kitab barədə uzun uzadı danışmışdıq. Müəllif əməyi, səriştəsi, diqqəti ilə yanaşı, Çingiz Abbasovun yazmış olduğu ön söz, Ramiz Hümmətovun necə həssaslıqla yanaşdığı Şəhid mövzusu, kitabın səhifələrinə düzdüyü Şəhid fotoları çox diqqət çəkən idi. Hətta kitabın sonunda Tovuzun Vətən müharibəsi şəhidləri barədə sərlövhə də yer almışdı.
    Hümmətovla danışmışdıq ki, kitabın təqdimatı zamanı bir araya gələr, fikirlərimizi bölüşərik. Heyif, qismət olmadı. Ramiz müəllim böyük həvəslə hazırlaşdığı təqdimatı gözləmədən getdi...
    Hümmətovun ölüm xəbəri məni və rəhbərlik etdiyim qurumun – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə təşkilatı üzvlərini çox sarsıtdı. Sıralarımızdan bir döyüşçü (qələmi və sözü ilə döyüşürdü o), bir vətənpərvər, bir yaxşı adam azaldı...
    Mən öz adımdan, təşkilatımız adından, Ramiz müəllimi tanıyan gəncəlilər, Gəncə Şəhid və qazi ailələri adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, yeri Cənnət, Ruhu şad olsun deyirəm!
    Allah rəhmət eləsin!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ