Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)

    Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)Bəradər SƏMƏNDƏRLİ
    (Xanəliyev)

    SƏN DÜNYAYA ÖLÜ GƏLDİN, DİRİ YOX

    Xəyanətin göz yaşına həvədi,
    Bu ayrılıq ölüm qədər əbədi.
    Sən özünə özün yazdın həsrəti,
    Mənim yolum irəlidi, geri yox,
    Bundan belə qovuşmağın yeri yox.

    Uşaq kimi iməklədim dalınca...
    Uzaq düşdün qismətindən yamanca.
    Misralarda bulud-bulud dolunca,
    Silirəm göz yaşlarımı, təri yox,
    Bundan belə qovuşmağın yeri yox.

    Hər udduğum nəfəsumdə var adın,
    Viran olmuş qəfəsimdə var adın.
    Gözlərimin giləsində qaraldın,
    Dərdlərimin şələ çəkən nəri yox,
    Bundan belə qovuşmağın yeri yox.

    Tanrım səni göndərdi göynəyəndə,
    Yuyub sərmişəm dərdi Göy ləyəndə.
    Cismim dünyaya vida eyləyəndə,
    Ruhum Göyləri seçəcək, Yeri yox,
    Bundan belə qovuşmağın yeri yox.

    Doğulmuşuq fərqli-fərqli anadan,
    Bizi fərqli xəlq edibdi Yaradan.
    Ayrı-ayrı gedəcəyik dünyadan,
    Bu nağıldı; biri vardı, biri yox,
    Bundan belə qovuşmağın yeri yox.

    Səməndərli, möhkəm qur ki, təməli,
    Hər kəsin cavab verəcək əməli.
    Şair qəlbin duymadınsa, deməli,
    Sən dünyaya ölü gəldin, diri yox,
    Bundan belə qovuşmağın yeri yox.

    07.04.2022

    KARVAN YOLUN YARISINDA

    Söz qocalıb sazaqlarda,
    Közmü qalıb ocaqlarda.
    Böyüyübdü uşaqlar da,
    "İki daşın arasında",
    Karvan yolun yarısında.

    Yol beşikdən məzaradı,
    Zol ürəkdə nə qaradı?
    Təqva nə pul, nə paradı,
    "Əhli-beyt"in sırsında,
    Karvan yolun yarısında.

    Dözdük hər dərdə, acıya,
    Çözduk dərdi oda-suya.
    Bilə-bilə, duya-duya,
    Yıxdıq könül qalsın da,
    Karvan yolun yarısında.

    Çərxi dönübdür fələyin,
    Şərhi gəlibdir kələyin.
    Qaysaq bağlamış ürəyin,
    Təzələdik yarasın da,
    Karvan yolun yarısında.

    Bəradər, zordur bayatın,
    Sonunda gordur bu zatın.
    Daldalanırıq həyatın
    Orasında, burasında,
    Karvan yolun yarısında.

    ALANDA, RÜŞVƏTLƏ ALIR TORPAĞI

    Torpaq alıb qazanlar var məzarı,
    Hörənlər var məzara daş hasarı.
    Hələ ötməyibdi ömrün qatarı,
    İndidən adına salır torpağı,
    Alanda, rüşvətlə alır torpağı.

    A bədbəxt, çıxarma işin ağın sən,
    Allaha səcdə et, ona sığın sən.
    Torpaq sənin deyil, sən torpağınsan,
    Can gedir, cəsədə qalır torpağı,
    Alanda, rüşvətlə alır torpağı.

    Əl açılmır, ölü bazarındadı,
    Bir ayağı, əli məzarındadı.
    O üzdən itibdi məzarın dadı,
    Möhkəm, möhkəm qucaqlayır torpağı,
    Alanda, rüşvətlə alır torpağı.

    Xümsdən, zəkatdan bixəbər cahil,
    Namazdan, orucdan, təqvadan, qafil,
    Bu batan gəmidən gözləmə sahil,
    Düşünmə hər ölü bulur torlağı,
    Alanda, rüşvətlə alır torpağı.

    Bəradər, Tanrının mülküdü torpaq,
    Torpağa qayıdır solanda yarpağ.
    Alanın, satanın, olanın ortaq,
    Boyu ölçüsündə olur torpağı,
    Alahda, rüşvətlə alır torpağı.

    10.04.2022

    SƏNİ SEVMƏYƏNƏ KÖNÜL BAĞLAMA

    Mənim sevmədiyim sevsə də məni,
    Mən sevdiyim gözəl sevir özgəni.
    Beləcə, tuturuq eşqin yasını,
    O, məni incidir, mən başqasını.

    Bu həyat təzadla doludur nədən,
    Fitnəylə, fəsadla doludur, nədən?
    Dilimiz hidayət, ədalət deyir,
    Yolumuz şeytanın yoludur nədən?

    Nədən etibarı itib bəşərin,
    Bədən istiğfarı ötüb qədərin.
    Gedən qatarıdı, qalan nübarı,
    Əzəldən belədir hökmü qədərin.

    Gerçək məhəbbətdi yasanan ömür,
    Sonunda məzara daşınan ömür.
    Bütün müqəddimə Tanrı sirridi,
    Ölçülmür insanın yaşıynan ömür.

    Bəradər, bəsirət qəlbin gözüdü,
    Duyduğun, yazdığın Tanrı sözüdü.
    Səni sevməyənə könül bağlama,
    O, boyuk Yaradan esqin özüdü.

    12.04.2022

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ