Sizin reklam burada
Sizin reklam burada
  • "Hicab müharibəsi"nə son: Məktəb nümayiş deyil, nizam və bərabərlik məkanıdır

    Fəxrəddin Ağamirzəyev,

    jurnalist, hüquqşunas,

    “Hüquq və Qanun” jurnalının baş redaktoru


    Cəmiyyətdə insanların sayı qədər dünyagörüşü, heç biri digərinə bənzəməyən barmaq izləri qədər fərqli fərdi düşüncə tərzi mövcuddur. Bu müxtəliflik təbiidir. Lakin söhbət dövlətin təməl sütunlarından biri olan təhsil sistemindən gedirsə, fərdi yanaşmalar ümumi qanunvericiliyin və ictimai maraqların arxasında qalmalıdır. Son vaxtlar məktəblərdə xüsusi geyim normalarının tədbiqi ətrafında süni ajiotaj yaradanlara, bu məsələni az qala "hicab müharibəsi"nə çevirərək bundan müxalif, siyasi və ya emosional dividend əldə etməyə çalışanlara, mənasız arqumentlərlə qanunun aliliyini kölgədə qoymaq istəyənlərə hüquqi və mənəvi müstəvidə cavab vermək zərurəti yaranıb.

          

    Hüquqi dövlətdə qaydalar hamı üçün bərabərdir. Qərb dəyərlərinə, mütləq azadlıqlara və mütləq geyim sərbəstliyinə inteqrasiyanı şüar edənlərə səslənirəm: Məktəb fərdi özünüifadənin yox, bərabərliyin təmin olunduğu akademik məkandır. Əgər biz məktəb divarları daxilində geyim qaydalarını ləğv edib mütləq azadlığa icazə versək, o zaman müxtəlif subkulturaların, fərqli həyat tərzi və radikal cərəyan nümayəndələrinin məktəbə öz spesifik geyim və atributları ilə gəlməsinə hansı hüquqi əsasla qadağa qoya bilərik? Azərbaycan Respublikasının Konstitusiyası və "Təhsil haqqında" Qanun təhsilin dünyəvi xarakter daşıdığını birmənalı şəkildə təsbit edir. Vahid məktəbli forması həm də sosial, dini və ideoloji fərqləri silərək, uşaqları yalnız bir məqsəd — elm (və həm də əxlaq) öyrənmək ətrafında birləşdirmək üçün düşünülüb.

        

    Məsələnin mənəvi tərəfinə gəldikdə, mən özüm ciddi dini inanca sahib biriyəm və hicabın fəlsəfəsini, onun daşıdığı mənəvi yükü böyük sevgi ilə dəstəkləyirəm. Lakin mən həm də dərk edirəm ki, din insanın daxili dünyası, məktəb isə dövlətin dünyəvi nizamıdır. Məktəb heç bir inancın və ya fəlsəfənin təbliğat yeri deyil.

        

    Mövcud gərginliyi və narazılıqları aradan qaldırmaq üçün rasional və praktiki bir çıxış yolu təklif edirəm: Məktəbin girişinə qədər hər kəs öz inancına və ya dünyagörüşünə uyğun geyinməkdə tam sərbəstdir (təbii ki, ictimai əxlaq və abır-həya çərçivəsini qorumaqla). Lakin təhsil müəssisələrində xüsusi qarderoblar, “soyunub-geyinmə otaqları” təşkil oluna bilər. İstər müəllim, istərsə də şagird məktəb binasına daxil olduqda xüsusi geyim normalarına cavab verən vahid formaya keçməli, dərslər bitdikdən sonra isə məktəbi tərk edərkən yenidən öz gündəlik və ya dini geyimini geyinməlidir.

        

    Unutmayaq ki, məktəbin şagird və müəllim kollektivi böyük, vahid bir ailədir. Dini fəlsəfəmizə görə də ailə mühiti, məhrəmiyyət olan yer qapalıdır və orada geyim qaydaları fərqlidir. Elm ocağını bütöv bir ailə, təhsil alanları isə bu ailənin bərabərhüquqlu övladları kimi qəbul etsək, müəllimin və şagirdin tədris prosesində vahid qaydalara tabe olaraq dərs otağında hicabsız olması heç bir halda dini qəbahət və ya mənəvi aşınma sayılmamalıdır. Əksinə, bu, cəmiyyətə, təhsilə və qanuna olan ali ehtiramın göstəricisidir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ