![]()
Rəhim Hacızadə
YAP Qax rayon təşkilatının əməkdaşı
20 Oktyabr – Zəngilan şəhəri günü Azərbaycanın dövlətçilik tarixində, ərazi bütövlüyümüzün bərpasında və işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsində xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixdir. Bu gün xalqımızın milli birliyini, sarsılmaz iradəsini və doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirir.
2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin və bir sıra kəndlərin işğaldan azad edildiyini elan etdi. Bu tarixi qələbə Azərbaycan Ordusunun qəhrəmanlığının, peşəkarlığının və xalq-ordu birliyinin parlaq təzahürü oldu. Zəngilanın azad edilməsi həm də dövlət sərhədlərimizin bərpası və regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşması baxımından mühüm əhəmiyyət daşıdı.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, oktyabrın 20-si Zəngilan şəhəri günü kimi təsis edilib. Bu tarix Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını ehtiramla yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və tarixi Zəfərimizin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi məna kəsb edir.
Bu gün Zəngilanda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, Zəngilan Beynəlxalq Hava Limanının fəaliyyəti və Ağalı kəndində reallaşdırılan “Ağıllı kənd” layihəsi bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması isə bu quruculuq siyasətinin ən mühüm nəticələrindəndir.
Zəngilanın dirçəldilməsi Azərbaycanın yalnız keçmişin yaralarını sağaltmaq deyil, həm də müasir, dayanıqlı və iqtisadi cəhətdən inkişaf etmiş gələcək qurmaq əzmini nümayiş etdirir. 20 Oktyabr – Zəngilan şəhəri günü tarixi ədalətin bərpasının, milli qürurumuzun və dövlətimizin gücünün rəmzidir. Bu əlamətdar gündə Zəngilanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, doğma torpaqlarında yeni həyata başlayan sakinlərimizə firavanlıq arzulayırıq.
