Sizin reklam burada
Sizin reklam burada
  • Dostumuz, həmkarımız və qonşumuz Bəradər Səməndərliyə

    Hörmətli Xanəliyev, mən səni rəsmi ad günündə  – ömrünün üçdən ikisini mənalı və uğurla başa çatdırmağın münasibətiylə ona görə təbrik etmədim ki, oktyabrın 15-də Yazıçılar Birliyində keçiriləcək tədbirdə daha təntənəli şəkildə, xüsusi hazırlanmış çıxışla təbrik edim.  O da qismət deyilmiş. Çünki ayın 14-də Qəbələdə yaxın qohumlardan biri rəhmətə getmişdi və mən orada mütləq iştirak etməliydim. Tədbirə gələ bilməyəcəyim barədə sənə zəng eləməməyimin səbəbi isə həmin xoş günlərdə sənə yasla bağlı xəbər vermək istəməməyim idi. 

    Sən sözün həqiqi mənasında səmimi dost və sədaqətli insansan. Uzunmüddətli yaradıcılıq əməkdaşlığımız olub. Bəlkə də yüzə yaxın yazımı qəzetdə və ya saytda vermisən.  Bu əməkdaşlığımızın hər ili, hər ayı, hər detalı yadımdadır və mənim üçün əzizdir. Ancaq bir faktı xatırlatmaq istəyirəm. Dünya şöhrətli musiqi ifaçılarımızdan birinin   70 illiyi münasibətiylə yazdığım geniş yazını (  tam bir qəzet səhifəsi idi) qəzetdə verdin və üstəlik,  həmin qəzetlərdən əlli-altmışını sənətkarın yubileyi keçirilən gün Rəşid Behbudov adına Mahnı teatrına göndərdin. Qəzetlər qonaqlara paylanıldı və oxuyanlar məmnun oldular. Ancaq yubileyi keçirilən adam nəinki mənə, heç sənə də  quruca, xala xətrin qalmasın -- sağ ol demədi. Guya belə bir iş görülməyib. Mən indi həmin faktı ona görə yada salıram ki, sən o vəziyyətdən incimədin və ya incisən də, mənim üzümə vurmadın. Sağ ol. 

    Başqa bir fakt. Hörmətli dostlarımızdan biri təxminən 15 il əvvəl Türkiyədən gəlmiş alim qonaqlarına Qubanın Təngəaltı deyilən ərazisində qonaqlıq verirdi. Tədbirə Bakıdan iki professor və iki jurnalist – səninlə məni də dəvət etmişdilər. Sənin həm yol boyu ( gedəndə və gələndə), həm də məclisdə nümayiş etdirdiyin ünsiyyət, hazırcavablılıq, hər sözə qafiyə ilə cavab verməyin Ankaradan olan professor Hayretdin İvgini çox məmnun eləmişdi. 

    Sonrakı il həmin dostumuz türkiyəli alimlərə Şamaxıda qonaqlıq verməli olmuşdu. Şamaxıya yola düşməzdən əvvəl  Hayretdin bəy məndən soruşdu: “Bəs Kardeş nerədə, gəlməyəcəkmi?” Dedim kardeş kimdir? Dedi sənin məsləkdaşın, Samandarli. Cavab verdim ki, mütləq gələcək və birlikdə gedəcəyik. 

    Sonra bildim ki, Hayretdin bəy farsca qardaş mənası verən Bəradər sözünü türkcəyə çevirirmiş. Şamaxı səfərimiz də olduqca maraqlı keçmişdi. Bu yazıyla bərabər   Şamaxıda – Rəsədxananın fonunda, mərhum professor Əsədulla Qurbanovla birlikdə çəkilmiş  fotonu  da göndərirəm. İstərdim ki, həmin şəkili də paylaşasınız. 

    Bir daha təbrik edirəm. İnşallah 70 yaşında iştirak edərik. 


    İttifaq MİRZƏBƏYLİ, 

    Əməkdar jurnalist.

    Xırdalan, 18 oktyabr, 2026-cı il. 


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ