Sizin reklam burada
Sizin reklam burada
  • Mayın 22-si Beynəlxalq Kəpənək Günüdür

    Zərif qanadlı kəpənək dünyanın kiçik canlılarından biridir. Yazda doğulmaq və elə yazda da dünyaya əlvida demək, ömür payının düzün-dünyanın gülə-çiçəyə bürünən çağına düşməsi xoşbəxtlikdir, yoxsa qismət? Kəpənəyin həyatının sevinci-kədəri, toyu-yası bir neçə günə, bir neçə saata sığışır. Hətta onların elə növləri var ki, cəmi-cümlətanı 2 saat yaşayır. Bir yaz yağışının, bir ər-arvad savaşının, bir futbol yarışının ömrü qədər! Hələ bu ömürdə hansısa quşa yem olmaq təhlükəsi...

    Amma bu qısa vaxtda yaşam missiyasını yerinə yetirmək bacarığı qibtə doğurur. Həm ömür-gün sürəsən, həm bir çox bitkilərin tozlanmasında mühüm rol oynayasan, həm də süfrə qoyasan. Kəpənəklər təbiətin tarazlığında mühüm rol oynayır.

    Dünyanın bir çox ölkələrində qeyd olunan 22 May - Beynəlxalq Kəpənək Günü bu zərif canlıların qorunmasına diqqəti yönəltmək məqsədi daşıyır.

    Ekosistemin ayrılmaz canlıları sayılan kəpənəklər təbiətin sağlamlıq göstəricilərindən biri hesab olunur. Onların yaşadıqları ərazilər ekoloji baxımdan daha təmiz sayılır.

    Günəş şüaları altında bərq vuran, par-par parıldayan kəpənək qanadları... Handa özündən deyən rəssam al-əlvan rənglərin gözəlliyinə, bir-birini tamamlayan naxışlara həsəd aparmaya bilməz. Həmin rənglərdə dünyanın gözəlliyi, kəpənək ömründə isə dünyanın faniliyi öz əksini tapıb. Böyük zaman ölçüsündə insan ömrü də elə kəpənək ömrü qədər deyilmi?

    Mütəxəssislərin dediyinə görə, kəpənəklər təbiətin sağlamlıq göstəricilərindən biri hesab olunur. Yaz və yay aylarında dağlıq və meşəlik ərazilərdə rəngarəng kəpənəklər təbiətə xüsusi gözəllik qatır. Təbiətsevərlər isə onların qorunması üçün yaşıllıq sahələrinin artırılmasını vacib hesab edirlər. Kəpənəklər xatırladır ki, təbiətdə ən kiçik canlının da öz missiyası var - dünyamızı yaşatmaq, ona gözəllik vermək və sonrakı nəsillərə ötürmək...

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ