BDU-dan bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinin akademik heyətin fəaliyyətinə sistemli və davamlı şəkildə inteqrasiyasını təşviq etmək, tədris proqramlarını və elmi-tədqiqat fəaliyyətlərini qlobal dayanıqlılıq prioritetlərinə uyğunlaşdırmaq olub.
Təlim çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin ali təhsil sistemində strateji əhəmiyyəti, ali təhsil müəssisələrinin uzunmüddətli inkişaf strategiyalarında rolu, multidisiplinar yanaşmaların təşviqi, eləcə də tədqiqat fəaliyyətində dayanıqlılıq prinsiplərinin tətbiqi istiqamətində təqdimat həyata keçirilib.
Eyni zamanda, qabaqcıl beynəlxalq ali təhsil təcrübələri əsasında Dayanıqlı İnkişaf Məqsədlərinin universitetlərin idarəetmə, tədris, tədqiqat və ictimai təsir fəaliyyətlərinə inteqrasiyasının effektiv mexanizmləri müzakirə olunub, iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb.
Bakı Dövlət Universiteti dayanıqlı inkişaf prinsiplərinin universitet idarəçiliyi, təhsil, tədqiqat və ictimai fəaliyyət sahələrində tətbiqini strateji prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə institusional potensialın gücləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Sözügedən təşəbbüslər universitetin beynəlxalq dayanıqlılıq standartlarına uyğun inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olmaqla, BDU-da keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə və dayanıqlı inkişaf mədəniyyətinin daha da gücləndirilməsinə xidmət edir.
