Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Universiteti ilə “Birgə və Sağlam” İctimai Birliyi arasında memorandum imzalanıb

    Azərbaycan Universiteti ilə “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

    Universitetdən bildirilib ki, imzalanma mərasimindən əvvəl keçirilən görüşdə rektor Səadət Əliyeva qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib, sosial iş sahəsində kadr hazırlığı ilə bağlı görülən işləri, o cümlədən prioritetləri diqqətə çatdırıb. Rektor qeyd edib ki, sosial iş ixtisası bakalavriat səviyyəsi üzrə beynəlxalq akkreditasiyadan keçib və bu, tədris prosesinin beynəlxalq standartlara uyğun qurulduğunu təsdiq edən mühüm göstəricidir. Magistratura səviyyəsi üzrə beynəlxalq akkreditasiyanın isə aktiv mərhələsi yekunlaşıb.

    “Əminəm ki, bu əməkdaşlıq peşəkar kadr hazırlığına mühüm töhfə verəcək və cəmiyyət üçün faydalı, məsuliyyətli mütəxəssislərin yetişdirilməsinə imkan yaradacaq”, - deyə rektor qeyd edib.

    “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova birliyin ölkədə inklüziv cəmiyyətin formalaşmasına töhfə vermək məqsədilə təsis olunduğunu qeyd edib, fəaliyyət istiqamətləri və layihələri haqqında ətraflı məlumat verib. Sədr təşkilatın fəaliyyətə başladığı ilk illərdə maarifləndirici təşəbbüslərin məhz bu universitetdə həyata keçirildiyini vurğulayıb. O, göstərilən institusional və təşkilati dəstəyin birliyin fəaliyyətinin formalaşmasında mühüm rol oynadığını bildirərək universitet rəhbərliyinə təşəkkür edib.

    Görüşdə əməkdaşlıq istiqamətləri, qarşılıqlı maraq doğuran mövzular, o cümlədən memorandumun icrası ilə bağlı məsələlər də müzakirə olunub.

    Memoranduma əsasən tərəflər yerli və beynəlxalq ekspertlərin cəlb olunması ilə birgə təlim, seminar və vebinarların təşkili, yerli və beynəlxalq səviyyəli konfrans və maarifləndirici tədbirlərin keçirilməsi, tələbələrin birliyin Autizm Bərpa Mərkəzində istehsalat təcrübəsi keçməsi və könüllülük əsasında fəaliyyəti, yerli və xarici təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, dərs vəsaitlərinin hazırlanması və bu kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

    Sənədi Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və ictimai birliyin təsisçisi və sədri Aytən Eynalova imzalayıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ