Sizin reklam burada
Sizin reklam burada
  • Sumqayıt şəhərinin rəmzi olan Nəsimi adına parkda vergi və əmək qanunvericiliyi pozulurmu?

    Məlum olduğu kimi, respublikamızın bir çox şəhərlərində əhalinin asudə vaxtının səmərəli təşkili üçün genişmiqyaslı mədəniyyət və istirahət parkları fəaliyyət göstərir. Belə önəmli məkanlardan biri də ərazisinin böyüklüyünə görə paytaxtdakı Dənizkənarı Bulvarla müqayisə oluna biləcək Sumqayıt şəhərindəki Nəsimi adına Mədəniyyət və İstirahət Parkıdır. Lakin bu möhtəşəm istirahət guşəsində apardığımız müşahidələr bəzi ciddi suallar doğurur.
    Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, fəaliyyət növündən asılı olmayaraq hər bir dövlət və ya özəl müəssisə mütləq qaydada vergi uçotuna alınmalı (VÖEN-ə malik olmalı) və dövlət büdcəsinə müvafiq rüsumlar ödəməlidir. Təəssüflə qeyd etməliyik ki, parkın ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, restoran və əyləncə mərkəzlərində nə rəsmi dövlət qeydiyyatı, nə də VÖEN məlumatlarına rast gəlmək mümkündür.
    Bundan başqa, vətəndaşlara təqdim olunan biletlərin üzərində VÖEN nömrəsinin göstərilməməsi, yalnız məbləğin qeyd olunması maliyyə şəffaflığı prinsipinin kobud şəkildə pozulmasıdır. Bu hal birbaşa vergidən yayınma və qeyri-qanuni sahibkarlıq fəaliyyəti kimi xarakterizə oluna bilər.
    Məsələnin digər narahatedici tərəfi isə işçilərin əmək hüquqları ilə bağlıdır. Əgər bir müəssisə vergi uçotunda deyilsə, deməli, orada çalışan şəxslərlə əmək müqaviləsinin bağlanması və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi ayırmaların edilməsi də qeyri-mümkündür. Bu isə vətəndaşların gələcək pensiya təminatının və sosial sığorta hüquqlarının əlindən alınması deməkdir.
    Bütün bunları nəzərə alaraq, şəffaflığın təmin olunması məqsədilə yaxın günlərdə Sumqayıt Şəhər Vergilər İdarəsinə və Dövlət Sosial Müdafiə Fonduna rəsmi sorğu ünvanlayacağıq. Məqsədimiz həmin ərazidə neçə müəssisənin qanuni qeydiyyatda olduğunu və nə qədər işçinin əmək hüquqlarının qorunduğunu dəqiqləşdirməkdir. İnanırıq ki, aidiyyəti qurumlar bu qanunsuzluqların aradan qaldırılması üçün zəruri addımlar atacaqlar.

    Qiyam Ərşadoğlu
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ