"İmişli rayonunun Xoşçobanlı kəndində bir yas məclisində iştirak edərkən çox ağır bir ailə faciəsi haqqında məlumat aldım. Yas məclisində olduğumuz mərhum Məmmədov Qəşəm uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb. Müalicələrdən sonra vəziyyətində ümidverici irəliləyiş yaranmışdı. Lakin həmin günlərdə həyat yoldaşı Zeynalova Ağbəniz Babası qızının Qaradağ rayonu Sahil qəsəbəsində avtomobil tərəfindən vurulduğu xəbərini eşidir. Bu xəbər onu o qədər sarsıdır ki, güclü qorxu və stress nəticəsində sarılıq xəstəliyi keçirir və cəmi bir neçə gün sonra dünyasını dəyişir.
Ağbəniz xanım isə ağır vəziyyətdə xəstəxanaya çatdırılır və bu günə kimi dörd dəfə cərrahi əməliyyata məruz qalıb. Hələ ayaqüstə dura biləcəyi sual altındadır."
Bunu "atributinfo .az"a açıqlamasında Milli Məclisin deputatı, MCP sədri Razı Nurullayev deyib.
Deputat qeyd edib ki, ailənin üç övladı var və bu ailənin bütün yükü faktiki olaraq oğlu, müharibə veteranı Rəşad Məmmədzadənin çiyinlərinə düşüb.:
"Bu gün isə Aybəniz xanımı yaşadıqları evdə ziyarət etdim. Onlar Qaradağ rayonunun Sahil qəsəbəsində, “Stansiya Qaradağ” adlanan, şəraiti çox ağır olan bir ərazidə yaşayırlar. Yol demək olar ki, yoxdur, ciddi infrastruktur mövcud deyil. Orada yaşayan insanların gündəlik həyatının nə qədər çətin olduğunu yerində görmək mümkündür.
Ailənin dolanışığını təmin edən Rəşad Məmmədzadə hazırda icarəyə götürdüyü taksi ilə işləyir. Hər gün həmin ağır yolu qət edərək Bakıya işləməyə gedib-gəlir. O yolların vəziyyətini nəzərə alsaq, bunun nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Açığı, bu mənzərəni gördükdə həqiqətən bir ailə faciəsinin içində olduğumu hiss etdim."
Razı Nurullayev onunda xüsusi qeyd edib ki, ailənin ünvanlı sosial yardım alması üçün də rəsmi iş yeri tələb olunur. Amma belə vəziyyətdə olan bir insana kim iş verəcək? Məşğulluq Xidməti?:
"Təəssüf ki, bu barədə danışmağa belə bəzən dəymir.
Biz isə əlimizdən gələn köməyi etməyə çalışacağıq. Müvafiq dövlət qurumları ilə də danışacağam. Bu ailənin vəziyyəti ilə bağlı çəkdiyim videonu da paylaşacağam."- Deputat bildirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
