Bu barədə coğrafiya elmləri doktoru, professor Rza Mahmudov məlumat verib.
O qeyd edib ki, Xəzər dənizinin su aynasının sahəsi 370 min km² olub, dünya göllərinin ümumi sahəsinin 44 faizini təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi isə 3.1-3.5 milyon km² arasında dəyişir. Dənizin su toplayıcı hövzəsi, şimaldan cənuba 2500 km uzunluğa sahib olub, 8 dövlətin ərazisini əhatə edir.
Xəzər dənizinin səviyyəsi minillik dövrlər ərzində 12 metrə qədər dəyişib. 5-ci əsrdə ən aşağı səviyyə -34.5 metr, 1882-ci ildə isə ən yüksək səviyyə -25.2 metr olub. Geoloji dövrlərdə, xüsusilə 17-13 min il əvvəl, dənizin səviyyəsi müasir dövrə nisbətən 80 metr artıq olub.
“Səviyyə dəyişikliklərinin əsas səbəbi, dənizə tökülən çay axımları və iqlim dəyişmələridir. Volqa çayının axımı həmin dövrlərdə illik 450-500 km³ olmuşdu. Həmçinin, Xəzər dənizinin səviyyəsinin dəyişməsinə kosmogeofiziki, geoloji, antropogen və hidrometeoroloji amillər də təsir göstərir. Bu dəyişikliklər, Xəzər ətrafı dövlətlərin sosial-iqtisadi həyatını birbaşa təsir edir və bu məsələnin araşdırılması mütəxəssislərin diqqət mərkəzindədir”, - deyə alim bildirib.
