Milli Məclisin deputat
Yeni Azərbaycan Partiyasının (YAP) keçirilən qurultayı təkcə partiyamızın deyil, bütövlükdə Azərbaycan Respublikasının və regionumuzun ictimai-siyasi həyatında müstəsna əhəmiyyətə malik tarixi bir hadisədir. Cəsarətlə demək olar ki, partiyamızın fəaliyyəti, qəbul etdiyi qərarlar və izlədiyi siyasi kurs təkcə ölkəmizin daxili inkişafı üçün deyil, bütün Cənubi Qafqazın geosiyasi mənzərəsi üçün həlledici önəm daşıyır. Yarandığı ilk günlərdən xalqın böyük inamını qazanan Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi mübarizəyə başlasa da, artıq 30 ildən çoxdur ki, iqtidardadır və nəinki Azərbaycanın, bütün regionun ən böyük və aparıcı siyasi qüvvəsi kimi çıxış edir. Dövlətimizin son illərdə qət etdiyi uğurlu və şərəfli yolda, əldə olunan möhtəşəm nailiyyətlərdə partiya fəallarımızın və hər bir üzvümüzün müstəsna töhfəsi var.
Bu qurultayı müstəsna edən ən mühüm məqamlardan biri onun ilk dəfə olaraq Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsidir. Biz artıq tamamilə yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində yaşayırıq. VII qurultayımız da öz növbəsində tarixi bir mühitdə keçirilmişdi – o zaman İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimizdən cəmi bir neçə ay ötmüşdü və bütün dünya Azərbaycanın təkbaşına həm 30 illik işğala son qoymasından, həm də bölgədə yeni reallıqlar yaratmasından danışırdı.
2020-ci ilin 8 Noyabr Zəfəri və 2023-cü ilin 20 Sentyabr antiterror əməliyyatı ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış əbədi bayramlarımızdır. Məhz 20 Sentyabr tarixində Azərbaycan separatizmə tamamilə son qoydu, suverenliyini ölkənin hər bir qarışında bərpa etdi. Bu iki hərbi Zəfər təkcə xalqımız üçün deyil, beynəlxalq hüquq müstəvisində yeni bir presedent yaradan tarixi hadisə oldu. Biz bu qələbələri Minsk qrupu kimi vasitəçilərin münaqişəni dondurmaq cəhdlərinin, böyük güclərin açıq və gizli təzyiqlərinin, bizə qarşı yönəlmiş yalan, iftira və sanksiya hədələrinin fonunda əldə etdik. Lakin xalqımızın dəmirdən bərk həmrəyliyi, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti və siyasi iradəsi bütün bu bəd niyyətləri alt-üst etdi. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Bu gün qürurla qeyd etdiyimiz böyük qələbələrimizin başlanğıc tarixi 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayına söykənir. O vaxt ölkəmiz idarəolunmaz vəziyyətə düşmüşdü, bir-birini əvəzləyən səriştəsiz rəhbərlərin fərariliyi və xəyanətləri nəticəsində torpaqlarımız hissə-hissə işğal olunurdu, iqtisadiyyat çökmüşdü, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdırılmışdı. Məhz belə bir ağır şəraitdə cəmiyyətimizin cəsarətli, mütərəqqi insanları Ulu Öndər Heydər Əliyevin etibarlı rəhbərliyi çevrəsində birləşərək YAP-ı təsis etdilər.
Xalqımız yaxşı bilirdi ki, əgər Ulu Öndər 1987-ci ildə sovet rəhbərliyindən uzaqlaşdırılmasaydı, erməni millətçiləri Qarabağda separatizm meyillərini heç vaxt baş qaldıra bilməzdilər. Müdrik Azərbaycan xalqı öz nicat yolunu yalnız Ümummilli Liderdə gördü və 1993-cü ildə onu yenidən hakimiyyətə gətirərək öz taleyini dahi şəxsiyyətə əmanət etdi. Heydər Əliyevin qətiyyəti sayəsində dövlətçiliyimizin əsasları qoyuldu, beynəlxalq təcriddən çıxıldı, "Əsrin kontraktı" ilə iqtisadi dirçəlişin bünövrəsi atıldı. Bu gün də Ulu Öndərin müəyyənləşdirdiyi dəyişməz siyasi xətt – müstəqillik, dövlətçilik, güclü hərbi potensial və iqtisadi azadlıq prinsipləri bizə yol göstərir.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan, müstəqil xarici siyasət yürüdən orta güc dövlətidir. Şanlı Zəfərimizdən sonra Ermənistanla sülh prosesinin inkişafı, təmasların yaranması və sərhədlərdə sabitliyin bərqərar olmasına baxmayaraq, biz hərbi gücümüzü və müdafiə potensialımızı davamlı olaraq artırmalıyıq. Çünki ətrafımızdakı regionlar alovlanır, müharibələr geniş vüsət alır və beynəlxalq hüquq mexanizmləri faktiki olaraq işləmir. Məhz buna görə də dövlət büdcəmizdə hərbi və təhlükəsizlik xərclərinə təqribən 9 milyard manata yaxın vəsaitin ayrılması müdafiə qabiliyyətimizi daima ən yüksək səviyyədə saxlamaq məqsədi daşıyır.
Eyni zamanda, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizliyimiz qədər önəmlidir. Bizi daxildən sarsıtmağa, gənclərimizin şüurunu zəhərləməyə çalışan xarici ideoloji təxribatlara və azərbaycandilli yad resursların dezinformasiya hücumlarına qarşı savadlı, vətənpərvər gənclik tərbiyə etməliyik. Müasir ideoloji işin mərkəzində isə məhz YAP fəalları dayanmalıdır.
Azərbaycanın iqtisadi müstəqilliyi və maliyyə sabitliyi bu gün bizim ən böyük uğur amillərimizdəndir. Valyuta ehtiyatlarımızın 90 milyard dollara çatması və xarici borcumuzun ÜDM-in cəmi 5,6 faizini təşkil etməsi dünya miqyasında nadir göstəricilərdəndir. Dövlətimizin sosial siyasətinin tərkib hissəsi olaraq gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurun bərpasına indiyədək 28 milyard manatdan çox vəsait ayrılmışdır. Hazırda bu torpaqlarda 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsi artıq öz doğma sakinlərinə qucaq açıb. "Böyük Qayıdış" proqramı bundan sonra daha da sürətlə davam edəcəkdir. Bununla yanaşı, Azərbaycan Şimal-Cənub və Orta Dəhlizlərin mərkəzi kimi tranzit imkanlarını artırır, eləcə də Avropanın və dünyanın enerji təhlükəsizliyinin əsas zəmanətçilərindən birinə çevrilir.
