Milli Məclisin deputatı
Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə oldu. Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı yalnız partiyanın fəaliyyətinə dair hesabat xarakteri daşımadı, eyni zamanda Azərbaycanın son illərdə keçdiyi siyasi yolun nəticələrini və qarşıdakı dövrün əsas vəzifələrini əhatə etdi.
Prezidentin çıxışında YAP-ın yaranması və keçdiyi tarixi yol xüsusi yer tutdu. 1992-ci ildə yaradılan partiyanın sonrakı dövrdə Azərbaycanın siyasi həyatında mühüm rol oynadığı vurğulandı. Bu kontekstdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olduğu qeyd edildi. Çıxışda YAP-ın fəaliyyətinin ölkənin inkişafı ilə paralel getdiyi fikri ön plana çəkildi.
Çıxışın əsas siyasi məzmununu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra yaranmış yeni reallıqlar təşkil edirdi. Prezident İlham Əliyev Vətən müharibəsində əldə edilmiş Qələbənin və sonrakı hadisələrin Azərbaycanın regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirdiyini diqqətə çatdırdı. Bu mərhələdə əsas məsələlərdən biri əldə olunmuş nəticələrin qorunması və ölkənin təhlükəsizlik imkanlarının daha da gücləndirilməsidir. Prezident hərbi gücün artırılmasını qarşıdakı əsas vəzifələrdən biri kimi göstərdi.
Eyni zamanda, çıxış Azərbaycanın beynəlxalq mövqeləri baxımından da diqqət çəkir. Prezident ölkənin iqtisadi müstəqilliyinin təmin olunduğunu və Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq dövlətə çevrildiyini bildirdi. Bu yanaşma Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan müstəqil xəttin davam etdirilməsinin prioritet olduğunu göstərir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də çıxışın mühüm istiqamətlərindən biri oldu. Bildirildi ki, həmin ərazilərdə artıq 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Bu göstəricilər Böyük Qayıdış prosesinin tədricən real sosial-iqtisadi həyata çevrildiyini göstərir. Prezident qarşıdakı illərdə bu prosesin daha da sürətləndiriləcəyini vurğuladı.
Çıxışın digər mühüm istiqaməti Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsi ilə bağlı idi. Bir tərəfdən sülh prosesində əldə edilmiş irəliləyişlər diqqətə çatdırılır, digər tərəfdən Azərbaycanın təhlükəsizlik və müdafiə imkanlarının qorunmasının vacibliyi vurğulanırdı. Bu yanaşma regionda davamlı sülhün təmin olunmasının yalnız siyasi razılaşmalarla deyil, həm də dövlətlərin öz təhlükəsizlik imkanlarını qoruması ilə bağlı olduğunu göstərir.
Prezidentin çıxışında müasir dövrün informasiya və ideoloji çağırışlarına da xüsusi diqqət yetirildi. İnformasiya texnologiyalarının, süni intellektin və rəqəmsal mühitin sürətlə inkişaf etdiyi bir şəraitdə cəmiyyətin maarifləndirilməsi, gənc nəslin düzgün istiqamətləndirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi yeni vəzifələr yaradır. Bu baxımdan siyasi partiyaların cəmiyyətlə kommunikasiya imkanlarının genişləndirilməsi də aktuallaşır.
YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışını yalnız partiyanın fəaliyyətinin qiymətləndirilməsi kimi qəbul etmək düzgün olmaz. Çıxış Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra formalaşmış yeni siyasi reallıqların, ölkənin təhlükəsizlik və inkişaf prioritetlərinin, beynəlxalq mövqelərinin və Böyük Qayıdış prosesinin ümumi mənzərəsini ortaya qoydu.
