Sizin reklam burada
Sizin reklam burada
  • Qurultayın Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi xüsusi tarixi əhəmiyyət daşıyır"- Mircəlil Qasımlı

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın keçdiyi inkişaf yolunu, əldə etdiyi tarixi nailiyyətləri və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas istiqamətləri bir daha aydın şəkildə ortaya qoyur.


    Milli Məclisin deputatı Mircəlil Qasımlı "atributinfo.az"a açıqlamasında bildirib ki, qurultayın Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi xüsusi tarixi əhəmiyyət daşıyır.


    Azərbaycan son illərdə mühüm tarixi mərhələlərdən keçib. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə, ardınca ölkəmizin suverenliyinin tam təmin edilməsi xalqımızın birlik və qətiyyətinin nəticəsidir. Bu uğurların əldə olunmasında şəhidlərimizin və qazilərimizin xidmətləri daim ehtiramla xatırlanmalıdır:


    "Qurultayda diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın gələcək təhlükəsizliyi, müdafiə qabiliyyətinin gücləndirilməsi və mümkün risklərə daim hazır olması ilə bağlı fikirlərdir. Müasir dünyada baş verən proseslər göstərir ki, dövlətin təhlükəsizliyi yalnız hərbi güclə məhdudlaşmır. Fiziki təhlükələrlə yanaşı, ideoloji təxribatlar, kibertəhdidlər, informasiya müharibəsi və süni intellekt sahəsində meydana çıxan yeni çağırışlar da diqqətdə saxlanılmalıdır."


    Mircəlil Qasımlının sözlərinə görə, milli birliyin və Azərbaycançılıq ideyasının qorunması xüsusi əhəmiyyət daşıyır. Gənclərin milli dəyərlər əsasında formalaşması, Azərbaycan dilinin qorunması, tariximizin və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə düzgün çatdırılması dövlətimizin gələcəyi baxımından mühüm istiqamətlərdəndir:


    "Qurultayda Azərbaycanın xarici siyasət kursuna da geniş yer ayrılıb. Ölkəmizin müstəqil siyasət yürütməsi, heç bir dövlətin daxili işlərimizə müdaxilə etməsinə imkan verilməməsi və milli maraqların əsas götürülməsi başlıca prinsiplər kimi vurğulanıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, müxtəlif beynəlxalq platformalarda iştirakı və İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr də qeyd olunub.


    İqtisadi sahədə qarşıya qoyulan əsas məqsədlər sırasında əhalinin rifahının daha da yüksəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəyə investisiyaların cəlb edilməsinin davam etdirilməsi yer alır. Azərbaycanın enerji potensialı, neft-qaz ehtiyatları ilə yanaşı elektrik enerjisi və digər enerji resurslarının istehsalı və ixracı ölkənin iqtisadi imkanlarını genişləndirən mühüm amillərdir.


    Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı da qarşıdakı dövrün əsas istiqamətlərindən biri olaraq qalır. Böyük Qayıdışın növbəti illərdə daha sürətlə davam etdirilməsi nəzərdə tutulur.


    Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə də dövlətçilik, milli birlik, təhlükəsizlik, iqtisadi inkişaf və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanır."- Deputat bildirib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ