Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq son illərdə davamlı şəkildə inkişaf edir. Şuşada keçirilən üçtərəfli görüş isə bu əməkdaşlığın regional təhlükəsizlik baxımından yaratdığı imkanları yenidən gündəmə gətirib.
Maraqlıdır, bu format çərçivəsində müdafiə sahəsində əməkdaşlığın genişlənməsi Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunmasına, eləcə də Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərində rolunun güclənməsinə hansı imkanları yaradır?
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev
açıqlama verib.
Deputat qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Şuşada keçirilən 13-cü üçtərəfli görüşü əvvəlki illərdə formalaşmış əməkdaşlığın davamı olmaqla yanaşı, bu əməkdaşlığın daha institusional müstəviyə keçirilməsi baxımından da əhəmiyyətlidir:
"Bundan əvvəl 12-ci görüş 2025-ci ildə Ankarada keçirilib. Görüş çərçivəsində hərbi əməkdaşlıq, regional layihələrin təhlükəsizliyi, hərbi təhsil və hərbi tibb sahələri, eləcə də üçtərəfli və ikitərəfli təlimlərin əhəmiyyəti kimi məsələlər müzakirə olunub.
Burada əsas məsələlərdən biri təhlükəsizlik imkanlarının qarşılıqlı uyğunlaşdırılmasıdır. Yəni müxtəlif standartlara, o cümlədən NATO standartlarına uyğunluğun təmin edilməsi və bu istiqamətdə imkanların uzlaşdırılması mühüm əhəmiyyət daşıyır.
Regional strateji infrastrukturların qorunması, təhlükəsizlik diplomatiyasının daha da gücləndirilməsi və mövcud imkanların real nəticələrə çevrilməsi də əsas istiqamətlərdən biri kimi qiymətləndirilməlidir.
Bu formatın yaratdığı imkanlara baxdıqda, ilk növbədə Azərbaycanın regional təhlükəsizlik diplomatiyasında rolunun genişlənməsini qeyd etmək lazımdır. Burada söhbət yalnız hərbi imkanlardan getmir.
Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri, Gürcüstanla strateji əməkdaşlığı Bakının regional təhlükəsizlik məsələləri üzrə dialoq və koordinasiya imkanlarını artırır. Azərbaycan-Türkiyə münasibətlərində Şuşa Bəyannaməsi də iki ölkənin regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində koordinasiyasını ortaya qoyur".
Arzu Nağıyev vurğulayıb ki, hərbi-texniki baxımdan isə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan-Türkiyə münasibətlərində müdafiə sənayesi, texnologiya mübadiləsi və birgə imkanların yaradılması ayrıca istiqamət kimi müəyyən olunub.
Artıq Gürcüstanın da bu istiqamətdə əməkdaşlığa qoşulması üçün imkanların nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Əməkdaşlığı yalnız hərbi təlimlərlə məhdudlaşdırmaq deyil, hərbi-texniki sahəyə və texnologiyaya da diqqət yetirmək lazımdır.
Yeni təhlükəsizlik risklərinə birgə yanaşma da mühüm əhəmiyyət kəsb edir. Transmilli cinayətkarlıq, terrorizm, kibertəhlükələr, kritik infrastrukturların qorunması və digər qeyri-ənənəvi risklər üzrə informasiya və təcrübə mübadiləsi əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər.
Buna görə də hərbi əməkdaşlıq daha geniş və dayanıqlı xarakter daşımalıdır. Regional infrastrukturlar baxımından da Azərbaycanın, Türkiyənin və Gürcüstanın yerləşdiyi coğrafi mövqe xüsusi əhəmiyyət daşıyır. Bu ölkələr enerji, nəqliyyat və kommunikasiya layihələrinin kəsişmə nöqtəsində yerləşirlər.
Bu səbəbdən həmin infrastrukturların koordinasiyalı şəkildə qorunması regional layihələrin fiziki və digər təhlükələrə qarşı dayanıqlılığının artırılması üçün mühüm mexanizm yarada bilər.
Bir sözlə, birgə hazırlıq, operativ uyğunluq və digər istiqamətlər bu görüşün əsas prioritetləri sırasında yer alır. Bütün bunlar, eyni zamanda, Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərində rolunun daha da güclənməsinə təkan verən amillər kimi qiymətləndirilə bilər".
Pərvin Şakirqızı
