Orxan Məmmədzadə
YAP Qax rayon təşkilatının məsləhətçisi:
Cəbrayıl rayonunun işğaldan azad edilməsi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi mühüm hərbi uğurlardan biri də Cəbrayıl şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunması olmuşdur. Bu qələbə Azərbaycan xalqında böyük qürur hissi yaratmış, torpaqlarımızın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmuşdur.
2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi mühüm qələbələrdən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin azad olunmasını elan etməsi Azərbaycan xalqına illərlə gözlədiyi qələbə müjdəsini yaşatdı. Dövlət başçısının səsləndirdiyi “Cəbrayıl bizimdir!” ifadəsi həmin tarixi günün rəmzinə çevrildi. Cəbrayılın azad edilməsi illər ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan güclü iqtisadi, siyasi və hərbi potensiala malik dövlətə çevrildi. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, milli ordunun müasir tələblər əsasında formalaşdırılması və müdafiə qabiliyyətinin davamlı şəkildə gücləndirilməsi Azərbaycanın qarşısında dayanan tarixi məqsədlərin reallaşdırılması üçün möhkəm zəmin yaratdı. Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin sarsılmaz birliyini, milli iradəsini və haqq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun şəxsi heyətinin göstərdiyi misilsiz qəhrəmanlıq, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı hesabına torpaqlarımız işğaldan azad edildi. Cəbrayılın azadlığı da bu möhtəşəm Zəfərin mühüm səhifələrindən biri kimi tariximizə əbədi həkk olundu.
Bu gün Cəbrayıl şəhəri Böyük Qayıdış strategiyasının mühüm ünvanlarından biridir. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yalnız torpaqlarını azad etmədiyini, həmin ərazilərdə yeni və müasir həyat qurduğunu nümayiş etdirir. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir yol və kommunikasiya infrastrukturunun yaradılması, sosial obyektlərin inşası, insanların doğma yurdlarına mərhələli şəkildə qayıdışı Zəfərin real nəticələridir.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü bu baxımdan yalnız tarixi qələbənin xatırlanması deyil, həm də Cəbrayılın yenidən qurulmasının, əhalinin doğma yurda qayıdışının və şəhərin gələcək inkişafını təcəssüm etdirir. İşğaldan azad olunmuş Cəbrayıl artıq quruculuğun, qayıdışın və yeni həyatın ünvanına çevrilir. Cəbrayılın timsalında Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan yeni məqsədlər – azad edilmiş ərazilərin dirçəldilməsi, tarixi-mədəni irsin qorunması, müasir infrastrukturun yaradılması və insanların öz doğma torpaqlarına qayıdışının təmin edilməsi bir arada əks olunur. Bu baxımdan 4 oktyabr həm tarixi yaddaşın yaşadıldığı, həm də Cəbrayılın gələcəyinə nəzər salındığı əlamətdar gündür.
Cəbrayılın yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa siyasətinin mühüm istiqamətlərindən biridir. Burada həyata keçirilən layihələr şəhərin və rayonun gələcək sosial-iqtisadi inkişafına hesablanmaqla yanaşı, əhalinin qayıdışının davamlılığını təmin etməyə yönəlib. Yeni infrastrukturun yaradılması, iqtisadi imkanların genişləndirilməsi, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi və tarixi irsin qorunması Cəbrayılın yeni inkişaf modelinin əsas istiqamətlərini formalaşdırır. Şəhərin gələcək inkişafı burada yeni həyatın formalaşması ilə yanaşı, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün daha müasir yaşayış mühitinin yaradılmasına xidmət edir.
