Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin yeni inkişaf və təhlükəsizlik strategiyasının əsas istiqamətlərini müəyyən etdi. Ərazi bütövlüyümüzün tam bərpasından sonra keçirilən bu tarixi qurultay dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi.
Milli Məclisin deputatı Kamal Cəfərov "atributinfo.az"a açıqlamasında qurultayda müəyyənləşdirilən prioritetləri dəyərləndirərək bildirib ki, bugünkü uğurlar illərlə davam edən uğurlu siyasi strategiyanın nəticəsidir:
“Müstəqilliyimizin ilk illərindəki xaosdan, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yaşatdığı böhran və anarxiyadan xilası məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bacardıq. Bu gün qalib xalq kimi yaşasaq da, beynəlxalq mühitdəki qeyri-sabitlik bizi daim ayıq olmağa sövq edir”.
Deputat vurğulayıb ki, müasir dövrdə ideoloji təhlükəsizlik də önəm verilməsi vacib məsələlərdən biridir:
“İnformasiya texnologiyalarının inkişafı dövründə ölkəmizə yönələn təhdidlər daha çox ideoloji müstəvidə reallaşır. Dövlət başçısı da qeyd etdi ki, milli birliyimizi sarsıtmağa yönəlmiş xarici təxribatlara qarşı ən güclü vasitəmiz savadlılıq və vətənpərvərlikdir. Bununla yanaşı, heç bir xarici bloka qoşulmadan yürütdüyümüz müstəqil xarici siyasət və dünyanın aparıcı qüvvələri ilə qurduğumuz bərabərhüquqlu tərəfdaşlıq ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunu bir daha sübut edir”.
Kamal Cəfərov iqtisadi müstəqilliyin milli təhlükəsizlikdəki və quruculuq işlərindəki roluna da xüsusi toxunub:
“Uzaqgörən siyasətin nəticəsində Azərbaycan bu gün tam iqtisadi müstəqilliyə nail olub. Minimal xarici borc və artan strateji valyuta ehtiyatlarımız ölkəmizin iqtisadi dayanıqlığını təmin edir. Güclü iqtisadiyyatımız həm əhalinin rifahının yüksəlməsinə, həm də heç bir xarici maliyyəyə ehtiyac duymadan işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının sürətlə və uğurla həyata keçirilməsinə imkan yaradır. Əsas məqsədimiz gələcək nəsillərə güclü və suveren bir dövlət miras qoymaqdır”.
Bəradər Səməndərli
"Atributinfo.az"
