Xeyriyyəçilik - insanların təfəkküründə şəfqət, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə ehtiva olunur. Xeyriyyəçilik fəaliyyətinin dairəsi, məhdud mənada, əhalinin zəif sosial təbəqəsinin üzvlərinə müxtəlif yöndə köməkliklərlə əhatələnir. Bu isə sübut edir ki, xeyriyyəçiliyin kökü qədim zamanlara gedib çıxır. Bir çox filosoflar da məhz, formalaşdırdıqları etik görüşlərində ən çox xeyirxahlığın, xeyriyyəçiliyin mahiyyətini açmağa çalışıblar.
Zərdüştün əxlaqi kodeks kimi ortaya qoyduğu “xoş fikir, xoş söz, xeyirxah əməl” formulu məhz o dövrdən başlayan xeyriyyəçilik məfhumunun fundamentini təşkil edir.
Sokrat qeyd edib ki, xeyriyyəçilik əsil nəcib, alicənab insanlara aiddir. O, xeyirxahlığı əxlaq normaları, qanunlar kimi əbədi və dəyişməz hesab edirdi: “Xeyirxahlığı dərk etmək əxlaqi kamilliyə, xeyirxahlığa nail olmağa hazırlıqdır”.
Xalqımızın humanizmə və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələrini öz əməllərində yaşadan - Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və bir sıra başqa şəxslərin adları Azərbaycanda filantropiya tarixinə qızıl hərflərlə yazılmışdır...
Gəncə şəhər qəbirstanlığında “8 Noyabr- Zəfər Günü” ilə bağlı Şəhidlərin, İmamların və vaxtsız dünyasını dəyişən gənc iş adamı Ruslan Məmmədovun xatirəsinə inşa edilmiş bulaq kompleksi istifadəyə verilib.
“Ot kökü üstə bitər” demişdir atalarımız. Vətənpərvərliyi və xeyriyyəçiliyi ilə yaddaşlarda özünə əbədi bir abidə ucaldan Ruslan Məmmədov Vətənə, torpağa bağlılığı hələ körpə yaşlarından atası Şahin Məmmədovdan öyrənmişdi.
50 ildən artıq bir zamandır ki, bu qəbirstanlıqda su olmadığından insanlar öz doğmalarının məzarlarında təmizlik işləri aparmaqda əziyyət çəkiblər. Əkilən yaşıllıqların tamamı susuzluqdan məhv olub.
Qeyd edək ki, Gəncə Şəhidlər xiyabanı ərazisində qazılan artezian quyuları nəticəsində 2 bulaq çəkilərək insanların istifadəsinə verilib. 3-cü bulağın çəkilişi məqsədilə mütəxəsislər tərəfindən əraziyə baxış keçirilib, iş aparılır.
Gəncə şəhəri üçün ağır itki hesab olunan Ruslan Məmmədovun vaxtsız vəfatından kədərləndiklərini bildirən tədbir iştirakçıları başsağlıqlarını ifadə edərək, ailəsinə səbr diləyiblər.
Sonda Şəhidlərin, İmamların, Ruslan Məmmədovun və məzarlıqda dəfn edilən insanların əziz xatirəsinə dualar oxunub.
ELÇİN Şükür
