
"Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan Azərbaycan-Kamboca əlaqələri də vurğulanmalıdır. Kamboca respublikamızdan min kilometrlərlə uzaq məsafədə yerləşsə də, iki ölkə arasında əlaqələr genişlənir. Kamboca Krallığının Baş naziri Hun Manetın bu günlərdə ölkəmizə rəsmi səfəri isə ikitərəfli əlaqələrin genişlənməsinə yeni impuls verəcək”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutan səfər kifayət qədər məhsuldar keçib. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Hun Manetin məhdud və geniş tərkibdə görüşləri keçirilib və müxtəlif məsələlər ətrafında aktual müzakirələr aparılıb. Eləcə də, iki ölkə arasında imzalanan sənədlərin mübadiləsi mərasimi keçirlib. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. Nəzərə alaq ki, həm Azərbaycan, həm də Kamboca münasibətlərin dərinləşməsinə böyük maraq göstərir. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Kamboca arasında siyasi münasibətlərin güclü olduğuna diqqət çəkərək iki ölkəni yaxşı dost və tərəfdaşlar kimi səciyyələndirib.
Deputat bildirib ki, Azərbaycan ilə Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulub. İndiyədək xarici işlər nazirlikləri arasında 4 raundda siyasi məsləhətləşmələr aparılıb. 2014-cü ildə Kambocanın o vaxtkı Baş naziri, hazırda isə ölkə Senatının sədri Hun Senin respublikamıza səfəri baş tutub. Kambocanın Baş naziri mətbuata bəyanatında bildirib ki, həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirib.
Millət vəkili deyib ki, iki ölkənin parlamentləri səviyyəsində də əlaqələr qurulub. Belə ki, hər iki ölkənin qanunvericilik orqanlarında parlament dostluq qrupu fəaliyyət göstərir. Bu qruplar arasında əlaqələr də müntəzəm xarakter daşıyır. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.
“Humanitar sahə ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir. Keçmiş Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. İndiki mərhələdə bu ənənənin bərpa edilməsi və hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılması mümkündür. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə gözəl bir töhfə olardı. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadilə edilməsi bu baxımdan önəmlidir” – deyən deputat əlavə edib ki, Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN xidmət” modelinə dost Kambocada da maraq göstərilir. Qısa müddətdə Azərbaycanın intellektual brendinə çevrilən “ASAN xidmət” artıq bütün dünyada tanınır və dövlət xidmətlərinin tətbiqində bu modelə keçid edən ölkələrin sayı getdikcə artır. Kambocada da oxşar xidmət şəbəkəsinin qurulması ikitərəfli münasibətlərə öz müsbət təsirini göstərə bilər.
Millət vəkili hesab edir ki, siyasi dialoqun yüksək səviyyədə olması qarşıdakı mərhələdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar açır. Təsadüfi deyildir ki, Bakıda aparılan müzakirələrdə ikitərəfli müstəvidə təmasları intensivləşdirmək barədə razılığa gəlinib. Prezident İlham Əliyev bu barədə deyib: “Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”.
“İkitərəfli münasibətlərlə yanaşı, Azərbaycan və Kamboca həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq əlaqələri qurublar. Bu sırada BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr qurulduğunu və fəal əməkdaşlıq edildiyini xüsusi vurğulaya bilərik. Hər iki ölkə beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyətlər həyata keçirməklə bir-birinə dəstək verir. Bütün bunlar qarşılıqlı əməkdaşlığımızın uğurlu perspektivlərindən xəbər verir”, – deyə Pərvin Kərimzadə vurğulayıb.
