Sizin reklam burada
Sizin reklam burada
  • Mərkəzi Asiya ölkələri ilə əlaqələr yüksək səviyyədədir

    Orxan Məmmədzadə

    YAP Qax raon təşkilatının məsləhətçisi                                    

    Prezident İlham Əliyev Türkmənistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə çıxışı zamanı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və energetika sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Dövlət başçısı region ölkələri arasında qarşılıqlı etimadın, dostluq münasibətlərinin və birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

    Səfər çərçivəsində Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü də oldu. Söhbət zamanı qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı. Prezident İlham Əliyev  tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.

    Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalının həcmi yüz milyonlarla dollar təşkil edir. Bu göstəricilər əməkdaşlığın artıq təkcə siyasi dialoq və qarşılıqlı səfərlərlə məhdudlaşmadığını sübut edir. Qarşılıqlı investisiyaların artması, birgə müəssisələrin yaradılması və istehsal potensialının birləşdirilməsi ölkələr arasında daha dayanıqlı iqtisadi əlaqələrin formalaşmasına töhfə verə bilər. Prezident İlham Əliyevin səsləndirdiyi “Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” fikri məhz belə bir yanaşmanın mahiyyətini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin sadə mal mübadiləsindən birgə sərmayələrə, yüksək texnoloji istehsalatların yaradılmasına və dünya bazarlarına çıxışa keçmək çağırışı Mərkəzi Asiya ölkələrinin  strateji prioritetlərinə uyğundur. Ticarət münasibətlərindən "birgə istehsal - birgə ixrac" modelinə keçid təkcə əmtəə dövriyyəsini artırmağa deyil, həm də regionun texnoloji müstəqilliyini təmin etməyə, eləcə də yüksək texnologiyalı məhsulların dünya bazarlarında dayanıqlı mövqelər tutmağa imkan verəcəkdir.

    Beləliklə, Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı fəaliyyət də mühüm istiqamətə çevrilir. Türk xalqları ilə tarixi, mədəni və dil əlaqələri tamamilə konkret iqtisadi maraqlarla tamamlanır: Orta dəhlizin inkişafı, liman və dəmir yolu infrastrukturunun genişləndirilməsi, Xəzər dənizi vasitəsilə yük daşımalarının artırılması və Şərqlə Qərb arasında yeni marşrutların yaradılması. Azərbaycan təkcə regional layihələrin müzakirəsində iştirak etməkdə deyil, həm də onların praktiki icrasının asılı olduğu gündəliyin formalaşmasına təsir göstərmək imkanında maraqlıdır. Bu baxımdan, Azərbaycanın indiki mövqeyi həqiqətən də unikal, hörmətə və ətraflı öyrənilməyə layiq bir fenomendir. Və bütün bu uğurlu xarici siyasət strategiyasının memarı Azərbaycan Prezidenti İlham Əliyevdir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ