Sizin reklam burada
Sizin reklam burada
  • Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir – Mircəlil Qasımlı

    "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, müstəqil xarici siyasətinin və qarşılıqlı faydalı əməkdaşlıq strategiyasının növbəti göstəricisidir."


    Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı Azərbaycan–Laos münasibətlərinin inkişaf perspektivlərini şərh edərkən "atributinfo.az"ın əməkdaşına bildirib.


    Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə siyasi, iqtisadi və humanitar əlaqələrini ardıcıl şəkildə genişləndirir:


    "Laos Prezidentinin ölkəmizə səfəri və iki dövlət arasında qəbul edilən Birgə Bəyanat münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

    Azərbaycan və Laos arasında 30 ildən artıq diplomatik münasibətlərin mövcud olması, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi ölkələrimiz arasında siyasi etimadın möhkəm təməllərə əsaslandığını təsdiqləyir. Xüsusilə parlamentlərarası əlaqələrin inkişafı, dostluq qruplarının fəaliyyəti və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq dövlətlərarası münasibətlərin daha da güclənməsinə mühüm töhfə verir.

    Prezident İlham Əliyevin xarici siyasətinin əsas üstünlüklərindən biri siyasi dialoqu real iqtisadi əməkdaşlıq imkanlarına çevirmək bacarığıdır. Bu baxımdan Azərbaycan və Laos arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

    Azərbaycanın son illərdə xarici ölkələrə investisiya qoyuluşunu genişləndirməsi dövlətimizin iqtisadi qüdrətinin və beynəlxalq iqtisadi münasibətlərdə artan rolunun göstəricisidir. Laosla iqtisadi əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi və yeni investisiya imkanlarının araşdırılması hər iki ölkənin maraqlarına xidmət edə bilər.

    Eyni zamanda, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi xalqlarımız arasında tarixi dostluq əlaqələrinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sovet dövründə mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması bu münasibətlərin tarixi əsaslara malik olduğunu göstərir. Həmin ənənənin bərpası gələcək nəsillər arasında əlaqələrin daha da inkişafına imkan yaradacaq."


    Mircəlil Qasımlı həmçinin qeyd edib ki,

    Azərbaycan və Laosu birləşdirən mühüm məsələlərdən biri də mina təhlükəsi ilə mübarizədir:


     "Hər iki ölkə bu problemin ağır humanitar nəticələri ilə üzləşib. Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı bir milyondan çox mina bu gün də insanların həyatına təhlükə yaradır. Müharibədən sonrakı dövrdə 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həlak olması və ya müxtəlif dərəcəli xəsarətlər alması problemin ciddiliyini göstərir.

    Bu istiqamətdə Azərbaycan və Laos arasında təcrübə mübadiləsinin aparılması, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması hər iki dövlət üçün faydalı ola bilər.

    Azərbaycan–Laos münasibətlərində nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm perspektivlər vəd edir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, regionda həyata keçirilən dəmir yolu layihələri və Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı yeni iqtisadi imkanlar yaradır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında oynadığı strateji rol ölkəmizin Avrasiya məkanında əhəmiyyətini daha da artırır.

    Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi də münasibətlərin yalnız siyasi deyil, iqtisadi baxımdan da geniş potensiala malik olduğunu nümayiş etdirir.

    Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm tarixi hadisədir. Bu səfər bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayını artırır, yeni əməkdaşlıq imkanları formalaşdırır və ölkəmizin qlobal siyasi-iqtisadi proseslərdə mövqeyini gücləndirir.

    Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən diplomatik strategiyası sayəsində Azərbaycan bundan sonra da beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü dövlət və qarşılıqlı faydalı əməkdaşlığın fəal təşəbbüskarı kimi mövqeyini daha da möhkəmləndirəcək."- Deputat vurğulayıb.


    Bəradər Səməndərli 

    "Arributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ