Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan–Kamboca münasibətləri yeni inkişaf mərhələsində

    Rəhim Hacızadə

    YAP Qax rayon təşkilatının əməkdaşı


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər Azərbaycanın çoxşaxəli xarici siyasətinin və Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi strategiyasının növbəti təzahürüdür.

    1994-cü il dekabrın 28-də diplomatik münasibətlər quran Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlıq edir, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə yaxşı dost və tərəfdaşdır. Bu münasibətlər suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanır.

    Səfərin əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsi olub. Ticarət və investisiya sahəsində birgə işçi qrupunun yaradılması, biznes forumunun keçirilməsi, sənaye, turizm, nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi mövcud potensialın reallaşdırılmasına xidmət edir. Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqeyi də bu tərəfdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

    Humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm hissəsidir. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması bu əlaqələrin tarixi əsaslarını göstərir. Təhsil mübadiləsinin bərpası ilə yanaşı, Kambocanın Azərbaycanın “ASAN xidmət” modelinə maraq göstərməsi ölkəmizin idarəçilik təcrübəsinin beynəlxalq səviyyədə paylaşılması baxımından əhəmiyyətlidir.

    Parlamentlərarası əlaqələrin genişləndirilməsi və Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə dəstəyi də xüsusi qeyd olunmalıdır. Bu əməkdaşlıq Azərbaycanın Cənub-Şərqi Asiya regionunda əlaqələrinin möhkəmlənməsinə və beynəlxalq parlament diplomatiyasının inkişafına töhfə verir.

    Görüşlərdə mina təhlükəsi ilə mübarizə məsələsi də diqqət mərkəzində olub. Hər iki ölkənin bu sahədə üzləşdiyi problemlər təcrübə və texnologiya mübadiləsini, mütəxəssis hazırlığını və birgə təlimlərin təşkilini aktual edir. Azərbaycanda mina təhlükəsinin azaldılması işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün mühüm şərtdir.

    Beləliklə, Kamboca Baş nazirinin Azərbaycana səfəri siyasi dialoqun iqtisadi, humanitar və institusional əməkdaşlıqla zənginləşdirilməsi üçün yeni imkanlar açır. Əldə olunan razılaşmaların həyata keçirilməsi ikitərəfli münasibətləri möhkəmləndirməklə yanaşı, Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinə də töhfə verəcəkdir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ