Bu fikirləri "Atributinfo.az"-a açıqlamasındaDövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin müdiri Vüqar Əliyev demişdir.
O, xüsusi olaraq vurğulamışdır ki, biz keçmiş ittifaq dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 600 mindən çox döyüşçünün iştirak etdiyi müharibədə 175 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi igid övladlarımızın cəsurluq nümunəsidir. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Gəray Əsədov, Ziya Bünyadov və digər Sovet İttifaqı Qəhrəmanlarımız hər bir azərbaycanlının iftixar mənbəyidir:
"Əlbəttə, Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda 1941-1945-ci illər müharibəsinin veteranlarına, 9 May - Qələbə Gününə münasibət tamam fərqli idi. O dövrdə qeyri-qanuni yolla hakimiyyətə gələn AXC - “Müsavat” cütlüyü bəhs olunan tarixin yaddaşlardan silinməsinə cəhdlər edirdi. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı.
Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda İkinci Dünya müharibəsinin veteranlarına münasibət dəyişdi, 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə son 20 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Yuxarıda bəhs olunan Sərəncam da bəlli kateqoriyadan olan insanlara dövlət qayğısının növbəti təzahürüdür. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.
Dövlət başçısının imzaladığı Sərəncam bütövlükdə 3729 şəxsi əhatə edəcək. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb."- Vüqar Əliyev demişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
