Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasəti ölkəmizin hüquqi dövlət quruculuğu prosesində mühüm yerə malikdir. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb ki, Ümummilli Lider tərəfindən imzalanan bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Prezidenty cənab İlham Əliyev dövlət başçısı kimi bu gün daxil ümumən 37 əfv Sərəncamı imzalayıb. Bütövlükdə, bu günə qədər əfv barədə imzalanmış 69 fərman və sərəncam 9788 nəfərə şamil edilib. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Ümumilikdə, isə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
