Bakı şəhər 21 saylı Notariat Ofisinin notariusu, hüquq üzrə fəlsəfə doktoru
Əmlaka sərəncam verilməsi mülkiyyət hüququnun tərkib hissəsi kimi əmlakın hüquqi müqəddəratını həll etməklə onun bir şəxsdən digərinə verilməsini nəzərdə tutur. Şəxs sağlığında əmlakını satmaq, dəyişmək və ya bağışlamaqla yanaşı digər şəxslərə də vəsiyyət edə bilər. Sonuncu halda verilən sərəncam şəxsin ölümündən sonra qüvvəyə minir.
Vəsiyyətnamə Qədim Babilistanın Hammurapi Qanunlarında və eramızdan əvvəl II əsrdə təşəkkül tapmış Qədim Hindistanın Manu Qanunlarında təsbit edilmişdi. Qədim Roma xüsusi hüququna görə şəxs öz əmlakını vəsiyyət etsə də yaxın qohumlar mirasdan məcburi pay alırdılar. Yəni vəsiyyətnamə tərtib edildiyi halda belə, mirasın bir hissəsi məcburi qaydada onlara verilirdi.
Rus alimi V.N.Yakovlev qeyd edir ki, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi olan ibtidai-icma cəmiyyətində yaranan Roma vərəsəlik hüququ bütün ictimai-iqtisadi formasiyalarda – quldarlıq, feodal, kapitalist və sosialist qurluşlarında inkişaf edərək çox uzun və mürəkkəb bir yol keçmişdir. Bu formasiyaların hər biri vəsiyyətnamə təsdiqi də daxil olmaqla vərəsəlik hüququnun məzmununda müəyyən düzəlişlər etməsinə baxmayaraq, onun mahiyyəti dəyişməmişdir. Vərəsəlik institutunun məzmununu qədim Roma vərəsəlik institutunda olduğu kimi əmlak hüquq varisliyi təşkil edir.
Maraqlıdır ki, Qurani-Kərim vəsiyyətnamə ilə bağlı bir sıra mülki hüquqi münasibətləri tənzimləyir. Belə ki, Müsəlman hüququnda vərəsəlik hüququ iki şaxəyə ayrılır: vəsiyyətnamə əsasında vərəsəlik və qanun üzrə vərəsəlik. Hər kəs öz əmlakının yalnız üçdə birini vəsiyyət etmək hüququna malikdir, bundan artığa edilmiş vəsiyyət etibarsiz hesab edilir. Əgər şəxsin vəsiyyətnaməsində əmlakın üçdə birindən artığı göstərilmişdirsə, vəsiyyət üzrə varis onu almaqdan imtina etməli, qanun üzrə varis ona sahib olmalıdır. Vəsiyyətnamə iki nəfər şahidin iştirakı ilə tərtib edilir.
Müsəlman hüququnun qüvvədə olduğu dövrdə Azərbaycanda vəsiyyətnaməni qazılar təsdiq etmək hüququna malik idilər. Miras qoyulan əmlakla birlikdə vəsiyyət edənin əmlak hüquqları və öhdəlikləri də irsən keçirdi. Təsdiq edilmiş vəsiyyətnaməyə məhkəmə prosesində mötəbər sübut kimi qəbul edilirdi.
Qurani-Kərimin əl-Bəqərə surəsinin 180-ci ayəsində deyilir: "Sizdən birinizə ölüm gəldiyi zaman bir xeyir (mal-mülk) qoyub gedəcəksə, valideynlərə və yaxın qohumlara adətə uyğun bir şəkildə vəsiyyət etməsi fərz edildi. Bu, təqva sahiblərinin borcudur".
Qanun üzrə vərəsəlik zamanı vərəsələrin paylarının miqdarı Qurani-Kərimin ən-Nisə (Qadınlar) surəsinin 11-ci və 12-ci ayələrində əks olunmuşdur: "Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tama-milə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir (Yerdə qalan hissə yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (11-ci ayə).
(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsin-dən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərə-findən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir"! (12-ci ayə).
Müsəlman hüquq normalarının qüvvədə olduğu ölkələrdə vərəsəlik məsələləri həll edilərkən əl-Bəqərə surəsinin 180-ci, həmçinin ən-Nisə surəsinin 11-ci və 12-ci ayələri rəhbər tutulur.
Müsəlman hüququna görə, vəsiyyət edənin ailə üzvləri vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malikdirlər.
Vərəsəlik hüququ, o cümlədən vəsiyyətnamə ilə bağlı məsələlər XX əsrin Sovet dövründə mürəkkəb inkişaf yolu keçmişdir. 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycan İnqilab Komitəsi vərəsəliyin ləğvi barədə Dekret vermişdir. Dekretdə deyilirdi: "Həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik ləğv edilir və mülkiyyətçinin ölümündən sonra ona məxsus olmuş əmlak Azərbaycan Sovet Sosialist Res-publikasının dövlət mülkiyyəti hesab edilir". Vərəsəliyin ləğvi barədə Dekretə görə miras qoyanın yalnız 10.000 (on min) rubldan artıq olmayan ev əşyaları və əmək fəaliyyəti üçün zəruri olan əmlakı vərəsəlik üzrə keçə bilərdi.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 2-ci çağırış 3-cü sessiyasında 1923-cü il 16 iyun tarixdə qəbul olunaraq həmin ilin sentyabrın 8-də qüvvəyə minmiş 5 bölmədən ibarət olan Azərbaycan SSR-in ilk Mülki Məcəlləsinin 487-506-cı maddələrində (4-cü bölmədə) vərəsəliklə, o cümlədən vəsiyyətnamə ilə bağlı müddəalar öz əksini tapmışdır. Həmin Məcəllənin 487-ci maddəsinə müvafiq olaraq vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilirdi. Adıçəkilən Məcəllənin 488-ci maddəsində bildirilirdi ki, "qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bararıqsız digər şəxslərdir.
İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir.
Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə qardaş-bacıları hesab olunurlar".
1923-cü il Mülki Məcəlləsinin 492-ci maddəsində göstərilirdi ki, "hər bir vətəndaş bütün öz əmlakını yaxud onun bir hissəsini, 488-ci maddədə göstərilən şəxslərdən birinə və ya bir neçə şəxsə, həmçinin dövlət orqanlarına və ictimai təşkilatlara vəsiyyət edə bilər. Lakin, vəsiyyət edən özünün tam yaşa dolmayan uşaqlarını və əməyə bacarığı olmayan digər vərəsələrini, qanun üzrə onlara çatası paydan məhrum edə bilməz".
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1926-cı il 6 mart tarixli Qərarı ilə Mülki Məcəllənin "Vərəsəlik hüququ" bölməsinə dəyişiklik edilərək vərəsəlik üzrə keçən əmlakın son həddi (10 min rubl) ləğv olunmuşdur.
İkinci dünya müharibəsi illərində vərəsəlik hüququ sahəsində qanunvericilikdə bəzi dəyişikliklər edilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin "Qanun üzrə və vəsiyyət üzrə vərəsələr haqqında" 1945-ci il 14 mart tarixli Fərmanı ilə qanun üzrə vərəsələrin əvvəldən məlum olan kateqo-riyalarına iki yeni kateqoriya - əmək qabiliyyətini itirmiş valideynlər, habelə qardaş və bacılar əlavə olunmuşdur. Fərmana müvafiq olaraq, əvvəllər qanun üzrə vərəsələrin hamısı bərabər hüquqda vərəsə olurdularsa, indi isə uşaqlar, o cümlədən övladlığa götürülmüş uşaqlar, ər-arvad, əmək qabiliyyə-tini itirmiş valideynlər və mərhumun ölümünə kimi azı bir il onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər birinci növbə vərəsə hesab edilirdi. Əmək qabiliyyəti olan valideynlər ikinci növbədə, onlar olmadıqda isə mərhu-mun qardaş və bacıları üçüncü növbədə vərəsə ola bilərdilər.
1964-cü il 11 sentyabr tarixli Azərbaycan SSR Mülki Məcəlləsində vərəsəlik məsələlərinə, o cümlədən vəsiyyətnamə ilə bağlı məsələlərə 527-572-ci maddələr həsr olunmuşdur.
1993-cü ildə xalqın təkidli müraciəti ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxarmaqla, müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır. Onun rəhbərliyi ilə layihəsi hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsində (referendumda) qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkənin tərəqqi yolunda hüquqi imkanları genişləndirdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda mülki dövriyyənin azadlığının təmin edilməsi üzrə yeni hüquqi mexanizmlər əks olunmuşdur. Notariat prosesi mülki hüquq münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini notariat qaydasında təsdiq edilməklə gələcəkdə notariat sənədləri vasitəsi ilə bu hüquqları təmin edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin "Vərəsəlik anlayışı" başlıqlı 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Mülki hüquq doktrinası vəsiyyət üzrə vərəsəliyin qanunla müəyyən olunmuş qaydada həyata keçirildiyini rəhbər tutaraq, "qanun üzrə vərəsəlik" və "vəsiyyət üzrə vərəsəlik" anlayışlarını qeyri-dəqiq hesab edir. Vərəsəliyin bu iki növünü təhlil edən rus alimi B.S.Antimonovun fikrincə, qanun üzrə vərəsəliyin vəsiyyətsiz vərəsəlik adlandırılması daha dəqiq olardı.
İ.B.Əhmədov haqlı olaraq B.S. Antimonovun mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qanun üzrə vərəsəliyin vəsiyyətsiz vərəsəlik adlandırılması zamanı sual meydana çıxır: vərəsəlik hüquq varisliyi nəyin əsasında həyata keçirilir? Yəni, qanun üzrə vərəsəlik vəsiyyətsiz vərəsəlik adlandırıldıqda, vərəsəliyin əsası məsələsi açıq qalır. Vəsiyyət üzrə vərəsəlik dedikdə, vərəsəlik hüquq münasibəti başa düşülür. Hüquq münasibəti isə müəyyən hüquqi faktlar əsasında əmələ gəlir. Həmin faktlar vəsiyyət üzrə vərəsəliyin əsası hesab edilir.
Görkəmli rus alimi O.S. İoffe isə vəsiyyət üzrə vərəsəliyə bu cür tərif verir: "Şərtləri və qaydaları qanuna uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilən vərəsəliyə vəsiyyət üzrə vərəsəlik deyilir".
Vəsiyyət üzrə vərəsəliyin yaranmasını şərtləndirən mürəkkəb hüquqi tərkibə daxil olan birinci hüquqi fakt vəsiyyətnamədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin "Vəsiyyət anlayışı" adlanan 1166-cı maddəsinə müvafiq olaraq fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
Maraqlıdır ki, Almaniya Mülki Qanunnaməsinin 2071-ci paraqrafında miras qoyanın konkret şəxsin (şəxslərin) adını (adlarını) göstərmədən öz əmlakını xidməti və ya işgüzar münasibətdə olduğu müəyyən kateqoriyalı şəxsə (şəxslərə) vəsiyyət edə bilməsinin mümkünlüyü öz əksini tapmışdır. Həmin Qanunnamənin 2072-ci paraqrafında, həmçinin miras qoyanın öz əmlakını konkret ad göstərmədən yoxsullara vəsiyyət edə bilməsi təsbit olunmuşdur. Bu zaman, digər hal sübut olunmadıqda, hesab olunur ki, miras qoyan əmlakını yoxsullar arasında bölüşdürülməsi vəzifəsi qoyulmaqla, özünün son yaşayış dairəsindəki yoxsullara yardım məqsədilə nəzərdə tutulmuş xüsusi kassaya vəsiyyət etmişdir.
Fikrimizcə, fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini konkret şəxsin və ya şəxslərin adını, soyadını və atasının adını, həmçinin hüquqi şəxsin adını dəqiq göstərməklə vəsiyyət etməsi gələcəkdə vərəsələr arasında yarana biləcək mübahisələrin qarşısının alınması baxımından daha məqsədəuyğundur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinin tələbinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir.
Qeyd etmək istərdik ki, vəsiyyətin yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs tərəfindən edilə bilməsi və vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilməməsi bütün MDB ölkələrinin Mülki Məcəllələrində öz əksini tapmışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsində deyilir: "Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz vəsiyyətnaməyə yol verilir".
Rusiya Federasiyası, Belarus Respublikası, Moldova Respublikası və Türkmənistanın Mülki Məcəllələri vəsiyyətnamənin notariat formasında və ya qanunda göstərilən hallarda sadə yazılı formada tərtib edilməsini mümkün hesab etsə də, Qazaxıstan Respublikası Mülki Məcəlləsinin 1050-ci, Qırğızıstan Respublikası Mülki Məcəlləsinin 1131-ci, Özbəkistan Respublikası Mülki Məcəlləsinin 1124-cü, Tacikistan Respublikası Mülki Məcəlləsinin 1157-ci və Ukrayna Mülki Məcəlləsinin 1247-ci maddələrinə əsasən, vəsiyyətnamə yalnız notarius və ya notariusa bərabər tutulan şəxslər tərəfindən təsdiq edilə bilər.
Amma, vəsiyyətnamənin notariat qaydasında təsdiqi zamanı vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilməsi, vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələrin tətbiq edilə bilməsi, bütün MDB ölkələrinin mülki qanunvericiliklərində, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.1-ci maddəsində təsbit olunmuşdur.
Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mürəkkəb notariat hərəkətlərindən hesab edilir. Bu zaman notarius xeyli işləri yerinə yetirməlidir.
Notarius vərəsəlik işi açmaq üçün vətəndaşlıq vəziyyəti aktları barədə məlumatları, o cümlədən miras qoyan şəxsin sonuncu yaşayış yeri və onun adına vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatları "Elektron notariat" informasiya sistemi vasitəsilə əldə edir.
Daşınmaz əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən real vaxt rejimində daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış əldə edir.
Vəsiyyətnamə əsasında daşınmaz əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Mirasdan məcburi pay çıxıldıqdan sonra qalan hissə vəsiyyət üzrə vərəsənin mülkiyyətinə keçir.
