Sizin reklam burada
Sizin reklam burada

Saatlıda Heydər Əliyev Fondu tərəfindən 118 yaşlı məktəb üçün yeni bina inşa olunub.

Saatlı rayonunda Məhəmməd Əliyev adına Əlisoltanlı kənd məktəbi 1904-cü ildən 190 yerlik uyğunlaşdırılmış məktəb kimi fəaliyyət göstərir. Saatlı rayonunun ən qədim məktəblərindən olan Əlisoltanlı kənd tam orta məktəbinin binası sonuncu dəfə 1975-ci ildə təmir edilib.
Yüzdən çox yaşı olan məktəb binası istifadəyə yararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 360 nəfər şagird yerlik yeni bina inşa edib.
Məktəbdə fənn otaqları, biologiya, kimya üzrə kabinet və laboratoriyalar, informatika kabineti, hərbi otaq, əmək otağı, kitabxana və oxu zalı, idman və akt zalları, futbol və voleybol meydançaları yaradılıb, yeməkxana istifadəyə verilib, məktəbin həyətyanı sahəsi abadlaşdırılıb.
Məktəbin yeni binasının açılışında Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirov , Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, təhsil işçiləri, məktəb kollektivi, şagirdlər və kənd sakinləri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər Azərbaycan dövlətinin ölkəmizdə elmin və təhsilin inkişafına yüksək diqqət və qayğısından danışıblar. Bildirilib ki, ötən dövrdə Heydər Əliyev Fondunun xətti ilə bir çox məktəb binası inşa olunub və ya əsaslı təmir edilib.
Bildirilib ki, son illərdə rayonun öndə gedən məktəblərindən biri məhz Əlisoltanlı kənd tam orta məktəbidir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2013/2014-cü tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib gələrək mükafatlandırılan təhsil ocaqları sırasında Saatlı rayonunun Əlisoltanlı kənd tam orta məktəbi də yer alıb.
Məktəbin şagirdləri Respublika fənn olimpiadalarında və fənn müsabiqələrində dəfələrlə qalib gəliblər. Həmçinin şagirdlər dəfələrlə milli intellektual bilik yarışlarında qalibiyyət əldə ediblər. Son 5 ildə məktəbin 90 nəfərdən çox şagirdi, 2021-2022-ci tədris ilində isə 33 məzunundan 22-si respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.
Məktəbin direktoru Ramal Elesgerov bildirib ki, 1904-cü ildən fəaliyyətə başlayan məktəbin ötən dövrlərdə bir çox uğurları olub. Daha sonra bildirib ki, milli intellektual yarışlarda səkkiz dəfə Azərbaycan çempionu adını qazanan şagirdlərimiz hazırda ölkənin bir çox ali təhsil ocaqlarında oxuyurlar. Məzunlarımız arasında Prezident təqaüdü alanlar da var. Onlar magistr təhsillərini xarici ölkələrdə davam etdirirlər.
Sonda Ramal müəllim müəllimlər və şagirdlər üçün yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya kollektiv adından dərin təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Zahir Məmmədov

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ