Sizin reklam burada
Sizin reklam burada

Cəmiyyətin inkişafında mətbuatın böyük rolu var

Cəmiyyətin inkişafında mətbuatın böyük rolu varHicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor
Milli mətbuatımızın yaranması günü  təkcə jurnalistlərin deyil, bütün xalqımızın bayramıdır. 147 il bundan əvvəl  görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının əsaını qoydu. Müstəqillik əldə olunduqdan sonra isə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə hər il iyulun 22-si milli mətbuatın yaranması  günü  kimi  qeyd olunur.  Azərbaycanda  fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun  təməlidir. Və  digər sahələrdə olduğu kimi, bu istiqamət də cənab Prezident İlham Əliyevin  daim diqqət mərkəzindədir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu  yaradıldı.  Dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsində Mətbuat Şurasının rolunu xüsusi ilə qeyd etmək lazımdır.   Bu gün ölkədə nəşr olunan yüzlərlə qəzet-jurnal, o cümlədən, televiziya kanalları, elektron informasiya vasitələri aktual problemlərin işıqlandırılması baxımından özünə geniş oxucu və tamaşaçı auditoriyası toplamışdır.  Ölkəmizdə söz və mətbuat azadlığı var. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. 
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və şaxələndirilməsinə yeni imkanlara yaradacaqdır. 
  
        Bildiyiniz kimi, milli mətbuat yaranan gündən qadın və uşaq məsələlərinə  həssaslıqla yanaşmış, onların hüquq və azadlıqlarına dair, xüsusən də qadının ictimai həyata cəlb edilməsi, uşaqların təhsil alması kimi mühüm məsələləri özündə əks etdirən maarifləndirici yazılar nəşr etmişlər. Buna “Əkinçi” qəzetindən başlamış bütün digər mətbuat orqanlarında da rast gəlmək mümkündür. Mətbuatın bu problemləri qaldırması, xalqa çatdırması istiqamətində apardığı işlərin müsbət nəticələri göz önündə idi. Artıq XX əsrin əvvəlində ilk qızlar məktəbi açılmış, onların, eləcə də, oğlanların təhsilə cəlb edilməsi sahəsində mühüm addımlar atılmışdı. Həmçinin, qadınların öz hüquqlarını bilməsi və  maariflənməsi məqsədilə  Azərbaycanda ilk qadın qəzeti “İşıq” nəşr edilmişdir.  Həmin dövrdə uşaq və valideynlər üçün jurnalların nəşri də əlamətdar hadisələrdən idi. Və bu proses davamlı olaraq inkişaf edib. Möhtərəm cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “ Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. Müasir cəmiyyətdə informasiyanın, xüsusilə də qadın və uşaq problemləri ilə bağlı informasiyaların rolu çox böyükdür. Lakin əfsuslar olsun ki, bəzən verilən məlumatlar, yazılar nəinki qadın və uşaqların problemlərinin həllinə kömək edir, əksinə, neqativ halların yaranmasına səbəb olur. Hamının bildiyi kimi, jurnalistlər cəmiyyətin aparıcı qüvvəsi, vətəndaş cəmiyətinin qurucularıdır. Mətbuatın və  jurnalistlərin ictimai rəyə təsirini əsas götürərək deməliyəm ki, jurnalist yazısına görə məsuliyyət daşımalı, insan talelərinə laqeyd qalmamalıdır. Nəzərə alınmalıdır ki, hər faktın arxasında canlı insan dayanır. Jurnalistlərin qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətini, bu sahədə qazanılan uğurları, problemləri işıqlandırması və ictimaiyyətin diqqətini bu məsələlərə cəlb etməsi çox vacibdir.  
       Azərbaycan  mediasında kişilərlə yanaşı, həyatını bu peşəyə həsr etmiş neçə-neçə qadın jurnalistimiz var. Onlar Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində fədakarcasına çalışır, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda səmərəli fəaliyyət göstərirlər. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş və bu gündə şərəfli missiyanı davam etdirirlər.  Onlar vətənpərvərliklərini təkcə qələmləri ilə deyil, eyni zamanda öz qəhrəmanlıqları ilə sübut edirlər. Vətən uğrunda canından keçən milli qəhrəman Salatın Əskərova da jurnalist idi. Onun əziz xatırəsi həmişə xalqımızın qəlbindədir. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Əziz  mətbuat  işçiləri, mən bir daha sizi səmimi qəlbdən təbrik edir, hamınıza yaradıcılıq uğurları arzulayıram. 


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ