Sizin reklam burada
Sizin reklam burada

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən ötən illərdə dünyada hökm sürən maliyyə böhranı və panedemiy bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, əvvəlki sürətlə davam etdirildi.
44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra müharibə əlillərinin, şəhid ailələrinin, qazilərimizin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb və bu proses davam etdirilir.
Müharibədən qısa müddət sonra şəhid ailələri və qazilərə dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə 8 dekabr 2020-ci ildə “YAŞAT” Fondu yaradılıb.
"YAŞAT" Fonduna müraciət etmək üçün 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir, eyni zamanda yashat.gov.az portalından istifadə etmək olar.
Fondun büdcəsi ianələr hesabına formalaşır. 23 iyun 2022-ci il tarixinədək Fondun hesabına 73 781 435.79 vəsait mədaxil olub.
Ötən müddət ərzində ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 650 yaralı olmaqla ümumilikdə 17 015 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 12 652 şəxsin 27 232müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 22 454-dür
Fondun təqdim etdiyi hesabatdan məlum olub ki, Fondun fəaliyyət istiqamətləri üzrə 62 597 613.17 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 11 359 266.44 AZN təşkil edir.
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 456, itkin ailə üzvlərinin 7 və yaralıların 5 959 müraciəti olmaqla ümumilikdə 10 422 müraciət təmin edilib.
"YAŞAT" Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.
Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.
44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərin ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə Vətən müharibəsi şəhidlərinin 8 minədək ailə üzvünə 16 minədək sosial ödəniş (Prezident təqaüdü, müavinət və ya pensiya) təyin olunub, 3 151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş təyin olunub. Cari ildə “Müharibə veteranı” adı verilmiş 81 856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub.
Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60% artırılıb. 1 yanvar 2021-ci ildən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü, 1 yanvar 2022-ci ildən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub.
Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin atomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bugünədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.
Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 13 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ilin 1 iyul tarixinə “Məşğulluq marafonu”na qoşulan 649 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Həmçinin 9 mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 766 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram çərçivəsində Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub.
Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.
Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 1 iyul 2022-ci il tarixə şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 191 min xidmət göstərilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ