Sizin reklam burada
Sizin reklam burada

XATİRƏLƏR DİLƏ GƏLDİ

XATİRƏLƏR DİLƏ GƏLDİ İnsan ömrünün bütün günləri yaddaqalan olmur.Elə günlər var ki onlar tez unudulur,amma elə günlər də var ki onlar heç vaxt unudulmur,- ll QARABAĞ MÜHARİBƏSİNİN 44 günü kimi.Biz o günlərin ağrı-acısını,həyəcanını,qələbə sevincini bu gün də yaşayırıq.Böyük Zəfəri xalqımıza bəxş edən igid qazilərimiz və qəhrəman şəhidlərimiz oldu.
Yaxın günlərin birində rayonumuzun ən gənc şəhidi gülərüzlü,nurçöhrəli Yusif Nəbiyevin atası Elton Nəbiyev redaksiyamızın qonağı oldu.O, Yusif haqqındakı qısa xatirələri dilə gətirdi:
Yusif,2002 ilin 27 may tarixində Ağdaş rayonunun Aşağı Zeynəddin (Tatlar)kəndində anadan olmuşdur.Ailənin ikinci uşağı idi.Çox mehriban,qayğıkeş və zirək bir övlad idi.Tam orta təhsilini N.Gəncəvi adına şəhər məktəbində almışdır.2018-2019-cu illərdə Ağdaş Olimpiya İdman Kompleksində qaydasız döyüş üzrə məşqlərə getmiş, yarışlarda iştirak etmiş,müxtəlif medal və diplomlarla mükafatlandırılmışdır.
O, 2020-ci ilin 10 iyul tarixində həqiqi hərbi xidmətə çağırılmışdır.Əvvəlcə Ağcabədi rayonundakı N saylı hərbi hissədə qulluq etmiş,hərbi and içdikdən sonra Xocavənd yaxınlığındakı hərbi hissədə əsgəri xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan andan Yusif,Vətən və millət yolunda canından keçməyə hazır olan minlərlə igid oğullarımızdan biri kimi ön cəbhəyə yollanmışdır.Onun döyüş yolu Xocavənd istiqamətindən başlanmışdır.Komandirinin dediyi kimi Yusif ilk döyüşdən başlamış,ta sonuncu döyüşünədək düşmənə dərin nifrət və qisas hissi ilə vuruşmuşdur.Əsl vətənpərvər və cəsur döyüşçü kimi fərqlənmişdir.O qısa vaxt ərzində Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə hünər göstərmiş,bir neçə dəfə mühasirəyə düşmüş döyüşçü yoldaşlarının köməyinə yetişmişdir.
Oktyabr ayının 7-də mobil telefon vasitəsi ilə evlərinə zəng vuraraq ailə üzvlərinin hər biri ilə danışmış,hamıdan halallıq istəmişdir.Bu onun öz doğmaları ilə sonuncu telefon əlaqəsi olmuşdur.Oktyabrn 9-da Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən şiddətli döyüşdə namərd düşmən mərmisi Yusifin döyüşdüyü səngərin yaxınlığına düşdü.Aldığı qəlpə yaraları onun ömrünü arzuları kimi yarımçıq qoydu...
O, Vətən torpağının azadlığını canı ilə qazanıb,qanı ilə suvararaq şərəfli şəhidlik zirvəsinə ucaldı.
2020-ci il oktyabr ayının 10-da rayon rəhbərliyinin,ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin iştirakı ilə böyük bir izdihamla Yusif Nəbiyev doğulduğu kəndin qəbristanlığında son mənzilə yola salındı.Allah rəhmət eləsin!
Qəhrəman şəhidimizin Vətən qarşısındakı xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş "Füzulinin azad olunmasına görə","Vətən uğrunda","Həqiqi hərbi xidmətə görə"medalları,diplom və fəxri fərmanlarla mükafatlandırılmışdır.
Rayon rəhbərliyi Yusif Nəbiyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə şəhər mərkəzindəki küçələrdən birinə onun adını vermiş,doğulduğu kəndin yaxınlığında bulaq inşa etdirmişdir.
XATİRƏLƏR DİLƏ GƏLDİ ŞAHİN NUHOV,
jurnalist.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ