Yerli sakinlər tərəfindən isti, mehriban əhval-ruhiyyədə qarşılanan icra başçısı E.Bağırov buna qarşılıq verərək, səmimi şəkildə onlarla salamlaşdı, hal-əhval tutdu. Və qısa nitqdən sonra dərhal sözü onlara verdi. “Bura sizi dinləmək üçün gəlmişik, buyurun, problemlərinizi söyləyin”, - dedi.
Kənd sakinləri Bəxtiyar Məmmədov, Salman Süleymanov, Həmzə Ramazanov, Bahadur Mövludov, Həbib Həbibov və digərləri Sımada kəndində yaşanan problemlərdən – qazlaşdırma, elektrik təsərrüfatının yenilənməsi, tibbi xidmətlərin əlçatanlığı, məktəb həyətinə içməli, təmiz suyun çəkilməsi və s. barədə danışdılar. Kəndin yaşadığı ən böyük problemin isə suvarma suyu ilə bağlı olduğu səyyar qəbul-görüş boyu açıq-aşkar hiss olundu. Ötən mövsümdə hektarlarla pambıq sahəsinin susuzluqdan məhv olduğunu ürək ağrısı ilə dilə gətirən kənd sakinlərinin hissləri də anlaşıqla qarşılandı. Lakin bu problemin təkcə ölkəmizlə bağlı olmadığı, son illərdə qlobal miqyasda şirin su çətinliklərinin yaşandığı qeyd edildi.
Kəndin suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün bir neçə həll yolları da səsləndirildi.
İcra başçısı E. Bağırov səsləndirilən fikirlərin nəzərə alınacağına, ümumiyyətlə qaldırılan bütün problemlərin həlli üçün var qüvvə ilə çalışacağına əminlik ifadə etdi. O, eyni zamanda, səmimi, mehriban, vətənpərvər, eləcə də zəhmətkeş məhsəti türklərinin hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olduqlarını dilə gətirdi. Kənd sakinləri də Orta Asiya hadisələrinə toxunaraq, o çətin zamanlarda məhz Azərbaycanın onlara qucaq açdığını vurğuladılar. Şəhid atası Sədim Məmmədovun oğulunun Vətənə olan sonsuz sevgisi ilə bağlı xatırələrinin yenidən canlandırması isə görüşdə duyğulu anlar yaşatdı...
Səmimi əhval-ruhiyyədə keçirilən səyyar qəbul-görüş qaldırılan problemlərin həlli arzusuyla sona çatdı.
Zahir Məmmədov,
Bəradər Səməndərli
