Sizin reklam burada
Sizin reklam burada
  • Professor: Azərbaycan–Tacikistan əməkdaşlığında turizm və elm mühüm rol oynayır


    Tacikistanda keçirilən “Davamlı turizm və mədəni irs” beynəlxalq forumu Azərbaycan–Tacikistan əməkdaşlığının genişləndirilməsi, turizmin regional iqtisadi inkişafda rolunun artırılması və elmi əlaqələrin gücləndirilməsi baxımından mühüm imkanlar yaradır.

    Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Avrasiya Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

    Professor qeyd edib ki, Tacikistan Beynəlxalq Turizm və Sahibkarlıq Universitetində təşkil olunan forum davamlı turizmin inkişafı, tarixi-mədəni irsin qorunması, regional iqtisadi potensialın təşviqi, sahibkarlıq imkanlarının genişləndirilməsi və elmi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Onun sözlərinə görə, tədbirin proqramına beynəlxalq konfranslar, elmi-praktik müzakirələr, sərgilər, mədəni tədbirlər və qastronomik turizmin təşviqinə yönəlmiş proqramlar daxil edilib. Forumun əsas xüsusiyyətlərindən biri müxtəlif ölkələrin ali təhsil müəssisələrini, elmi dairələrini və turizm sektorunun nümayəndələrini bir araya gətirməsidir.

    “Forumda 20 ölkədən 100-dən çox universitetin nümayəndələri olmaqla, ümumilikdə, təxminən 2000 iştirakçı təmsil olunub. İştirakçılar arasında ABŞ, Çin, Polşa, Almaniya, İndoneziya, İran, Belarus, Rusiya, Özbəkistan və digər ölkələrin nümayəndələri də yer alıblar.

    Tədbirin mövzusunu Azərbaycan ilə Tacikistan arasında iqtisadi, elmi və mədəni əməkdaşlığın inkişafı baxımından yüksək qiymətləndirirəm. Tarixi-mədəni yaxınlıq və qarşılıqlı etimad konkret iqtisadi layihələrin, birgə elmi tədqiqatların, turizm marşrutlarının və investisiya təşəbbüslərinin həyata keçirilməsi üçün mühüm zəmin yaradır”, – deyə professor vurğulayıb.

    Alim bildirib ki, turizm yalnız xidmət sektoru deyil, həm də regional iqtisadi inkişafı, sahibkarlığı, məşğulluğu və yerli istehsalı stimullaşdıran mühüm iqtisadi sahədir. Buna görə də mədəni irsin qorunması ilə onun iqtisadi potensialından səmərəli istifadə arasında tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

    Z.Məmmədov Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi üçün davamlı və qastronomik turizmin inkişafını, kənd təsərrüfatı məhsullarının emalını, sənaye kooperasiyasını, nəqliyyat-logistika əlaqələrini, Orta Dəhlizin imkanlarından istifadəni və investisiya əməkdaşlığını perspektivli istiqamətlər kimi dəyərləndirib.

    Professorun fikrincə, universitetlər beynəlxalq əməkdaşlıqda yalnız kadr hazırlayan təhsil müəssisələri kimi deyil, həm də iqtisadi siyasətə dair təkliflərin, innovativ təşəbbüslərin və praktiki layihələrin elmi əsaslarının formalaşdırıldığı mərkəzlər kimi çıxış etməlidirlər. Bu baxımdan, Azərbaycan və Tacikistanın ali təhsil müəssisələri arasında birgə tədqiqatların, akademik mübadilə proqramlarının, beynəlxalq konfransların və ortaq elmi layihələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.

    Forumda iştirak çərçivəsində Azərbaycan–Tacikistan münasibətlərinin strateji tərəfdaşlıq, iqtisadiyyat və mədəniyyət aspektlərini əhatə edən “Azərbaycan–Tacikistan: strateji tərəfdaşlığın, iqtisadiyyatın və mədəniyyətin yeni üfüqləri” adlı analitik məqalə də hazırlanıb.

    Məqalədə iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsi, birgə istehsal imkanları, nəqliyyat-logistika əməkdaşlığı, davamlı turizm və elmi əlaqələrin inkişaf perspektivləri araşdırılıb. Məqalənin elektron informasiya resurslarında yayımlanması Azərbaycan–Tacikistan əməkdaşlığının iqtisadi və mədəni aspektlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

    Z.Məmmədov qeyd edib ki, beynəlxalq forumlar universitetlər, elmi-tədqiqat müəssisələri, dövlət qurumları və biznes nümayəndələri arasında uzunmüddətli əlaqələrin qurulmasına, yeni tərəfdaşlıqların formalaşmasına və elmi biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsinə imkan yaradır.

    Forumda qazanılan təcrübə nəzərə alınaraq, UNEC-in Zaqatala filialında “Davamlı turizm, mədəni irs və regional iqtisadi inkişaf” mövzusunda beynəlxalq elmi-praktik forumun təşkili təşəbbüsü də irəli sürülüb. Təklifin məqsədi Zaqatala və ətraf rayonların turizm potensialını elmi əsaslarla araşdırmaq, yerli sahibkarlığın inkişafını təşviq etmək və Azərbaycanla xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirməkdir.

    Professorun fikrincə, bu cür təşəbbüslər Azərbaycanın regional iqtisadi potensialının beynəlxalq səviyyədə tanıdılmasına, universitetlərarası elmi əlaqələrin genişləndirilməsinə, eləcə də Azərbaycan–Tacikistan münasibətlərinin təhsil, elm, turizm və iqtisadiyyat sahələrində inkişafına töhfə verə bilər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ