Bu gün Azərbaycanda Energetiklər Günüdür. İyirmi iki ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 45 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Bu gün Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edir
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.
Ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 10 min 75,5 meqavata çatıb
Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli, “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir.
Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 10 min 75,5 meqavata çatıb. Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu var. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir. Elektroenergetika sistemində hazırda ümumi gücü 7903 meqavat olan 24 istilik elektrik stansiyası, 1 443,5 meqavatlıq 65 su elektrik stansiyası, 378,2 meqavat gücündə 10 Günəş elektrik stansiyası, 306,5 meqavat gücündə 6 külək elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir.
Bərpaolunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 2170 meqavat olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 meqavat gücündə 65 su elektrik stansiyası, 306,5 meqavat gücündə 6 külək elektrik stansiyası, 378,2 meqavat gücündə 10 Günəş elektrik stansiyası, 37 meqavat gücündə BİO elektrik stansiyası və 7,3 meqavat gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpaolunan enerji mənbələri ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir.
Son illər artan istehsal gücü Azərbaycanın enerji balansında sabitliyi qoruyur. Bu ilin ilk doqquz ayında 21,2 milyard kilovat-saat enerji istehsal edilib, ixrac 301,6 milyon, idxal isə 170,6 milyon kilovat-saat həcmində olub.
Bu dövrdə İES-lərdə 16 milyard 960 milyon kilovat-saat, SES-lərdə 2 milyard 767,1 milyon kilovat-saat, digər mənbələr üzrə isə 1 milyard 463,8 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 768,7 milyon kilovat-saat, Günəş elektrik stansiyalarında 501,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Doqquz ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 milyon kilovat-saat, külək elektrik stansiyalarında 698,4 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ) üzrə isə 10,2 milyon kilovat-saat artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1051,9 milyon kilovat-saat artımla 4 milyard 230,9 milyon kilovat-saat təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 18 milyard 233,4 milyon kilovat-saat (İES-lərdə 15 milyard 434,8 milyon kilovat-saat, SES-lərdə 2 milyard 753,1 milyon kilovat-saat, GES-lərdə 45,5 milyon kilovat-saat), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 957,5 milyon kilovat-saat təşkil edib.
Elektrik enerjisi istehsalında müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, burada artım dinamikasını məhz bərpaolunan enerji mənbələri formalaşdırır. Bu il sentyabrın 16-da Prezidenti İlham Əliyevin açılışını etdiyi Qaradağ rayonundakı 100 meqavat gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra illik 97 min ton karbon qazı emissiyasının azaldılmasına, 45 milyon kubmetr təbii qaza qənaət etməyə imkan yaranacaq. Azərbaycanın ilk bərpaolunan enerji hərracının qalibi tərəfindən inşa edilən “Qobustan” GES-in istismara verilməsi illik təxminən 200 milyon kilovat-saat elektrik enerjisinin şəbəkəyə ötürülməsi ilə nəticələnəcək. 2028-ci ildən növbəti hərracların keçirilməsi planlaşdırılır.
2027-ci ilədək elektrik enerjisinin qoyuluş gücündə yaşıl enerjinin payı 33,7 faizə çatacaq
Enerji keçidinin mühüm komponentlərindən biri olan enerji səmərəliliyi də ölkəmizin davamlı inkişaf strategiyasının mərkəzində dayanır. Hazırda “Masdar”, “ACWA Power”, bp, eləcə də Çin və digər ölkələrin şirkətləri ilə irimiqyaslı Günəş və külək enerjisi layihələri reallaşdırılır. Yerli investorların iştirakı ilə Cəbrayıl və Naxçıvanda ümumi gücü 150 meqavat olan dörd stansiyanın yaradılması da nəzərdə tutulur. 2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 giqavat olan 11 stansiyanın istismara verilməsi başa çatacaq. Bu layihələrə özəl investisiyaların 2 milyard, dövlət investisiyalarının isə 600 milyon dolları ötəcəyi gözlənilir. İmzalanmış müqavilələr əsasında 2032-ci ilədək ölkədə təxminən 8 giqavat Günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır.
Həmçinin 2026-cı ilin fevralında Azərbaycan Respublikası Hökuməti və “AzərEnerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 meqavat gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bu layihənin reallaşması nəticəsində illik 57 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 11 milyon kubmetr qaza qənaət edilməsinə, 24 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
Bundan başqa, bu ilin fevralında Azərbaycan Respublikası Hökuməti və “AzərEnerji” ASC ilə “Enerso” MMC arasında 25 meqavat gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bu stansiyadan illik 61 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 12 milyon kubmetr qaza qənaət edilməsinə, 26 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
Yaşıl Enerji Dəhlizləri üzrə beynəlxalq əməkdaşlıq genişlənir
“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Dörd ölkənin ötürmə sistem operatorlarının iştirakı ilə layihənin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company” (“GECO Power Company”) təsis edilib. Layihənin texniki-iqtisadi araşdırması İtaliyanın “CESI” konsaltinq şirkəti tərəfindən həyata keçirilir.
Ümumi ötürmə gücü 4 giqavat olan “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırmasını layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib. Yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və 2040-cı ildə tam gücü ilə fəaliyyətə başlaması hədəflənir.
“Mərkəzi Asiya-Azərbaycan” Yaşıl Enerji Dəhlizi 2024-cü ilin 13 noyabrında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən COP29 çərçivəsində imzalanıb. Sazişin həyata keçirilməsi məqsədilə eyni ilin 27 dekabr tarixində Bakı şəhərində “AzərEnerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC tərəfindən “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsi təsis edilib. Üç ölkənin energetika nazirlikləri ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında layihə üzrə Anlaşma Memorandumu imzalanıb.
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında yekunlaşdırılması, dəhlizin isə 2032-ci ildən istismara verilməsi nəzərdə tutulur.
“Azərbaycan-Türkiyə-Avropa” Yaşıl Enerji Dəhlizi “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan və Türkiyə enerji infrastrukturlarının inteqrasiyası və Naxçıvan vasitəsilə elektrik ixracının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Yaradılacaq dəhliz Naxçıvandan 1 giqavat bərpaolunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malikdir.
Bu çərçivədə “Cəbrayıl” enerji qovşağının yaradılması məqsədilə 330/110/10 kilovoltluq 2x250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası istifadəyə verilib. Zəngəzur dəhlizi ilə Ermənistan və ya İrandan keçməklə Cəbrayıl enerji qovşağı ilə Naxçıvanı birləşdirən 330 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi və Naxçıvanda 330 kilovoltluq yarımstansiyanın tikilməsi nəzərdə tutulur.
“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizi üzrə Hökumətlərarası Sazişin isə COP31 çərçivəsində imzalanması planlaşdırılır.
“Yaşıl dünya naminə həmrəylik ili” və COP29
2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzaladı. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulurdu. Beləliklə, bərpaolunan enerji gündəliyimizin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində daha geniş vüsət aldı.
Ölkəmizdə emissiyaların 2050-ci ilə qədər 40 faizədək azaldılması üzrə könüllü öhdəlik qəbul edilib. Bu öhdəliyi yerinə yetirmək üçün 2030-cu ilə qədər ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücünün ən az 30 faizə çatdırılması hədəflənir.
COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycan da qoşulub.
COP29 çərçivəsində Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.
COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 QVt gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır.
İşğaldan azad edilən ərazilərimizdə işıqlı gələcək - enerji tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.
Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin təmiz enerji təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür.
İşğaldan azad edilmiş ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilərək və ya yenidən qurularaq istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrdən artıq yüksəkgərginlikli ötürmə xətləri çəkilib. Bu xətlərlə 12 yerdə yeni tikilən 110 kilovoltluq yarımstansiyalar zəncirvari şəkildə əlaqələndirilərək dairəvi elektrik təchizatı yaradılıb. 110 kilovoltluq dairəvi sxem 330 kilovoltluq dairəvi elektrik təchizatı sxemi ilə birləşdirilib. Bunun üçün yeni 330 kilovoltluq “Cəbrayıl Enerji Qovşağı” tikilib. 330 kilovoltluq “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyaları genişləndirilərək yenidən qurulub. Dairəvi elektrik təchizat sisteminin yaradılması ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatı 100 faiz təmin edilib. İndiyədək 307 meqavat gücündə 38 stansiya istismara verilib. Bu stansiyalarda istehsal olunan enerji dairəvi elektrik təchizat sistemi ilə ölkə enerjisisteminə inteqrasiya edilib. Bu dövrdə su elektrik stansiyalarında 1,5 milyard kilovat-saatdan çox yaşıI enerji istehsal olunub, 335 milyon kubmetrdən çox təbii qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Laçın rayonunda 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı”, 8,25 meqavat gücündə “Mişni, 2,8 meqavat gücündə “Zabux”, 4 meqavat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə "Mirik", 3,1 meqavat gücündə "Aşağı Malıbəy" kiçik su elektrik stansiyaları (KSES) bərpadan sonra istifadəyə verilib. Gücü 2x40 MVA olan 110/35/10 kilovoltluq “Laçın Şəhər” və 2x25 MVA gücündə 110/35/10 kilovoltluq “Qorçu” rəqəmsal qovşaq yarımstansiyaları istismara buraxılıb.
Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 3,4 meqavat gücündə “Meydan”, 6,3 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq”, 8,3 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 4,3 meqavat gücündə “Zar”, 5 meqavat gücündə "Çaykənd-2", 8,6 meqavat gücündə “Aşağı Vəng", 8,8 meqavat gücündə "Nadirxanlı" KSES-lər, 22,5 meqavat gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası (SES) istismara verilib.
Tərtər rayonunda Suqovuşan qəsəbəsində ümumi gücü 7,8 meqavat olan “Suqovuşan” Su Elektrik Stansiyaları Silsiləsi (gücü 4,8 meqavat olan KSES-1 və gücü 3 meqavat olan KSES-2) istismara verilib.
Zəngilan rayonunda Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavatdan ibarət SES-lər silsiləsinə daxil olan - “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” SES-lər tikilərək istifadəyə verilib.
Cəbrayıl rayonunda Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi layihəsinin birinci mərhələsi olan “Cəbrayıl” enerji qovşağının yaradılması çərçivəsində 330/110/10 kilovoltluq 2x250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası tikilərək istifadəyə verilib. Həmçinin Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulub.
Bundan başqa, 2026-cı ilin birinci yarısında “Şəfəq” Günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləyib. Aprel ayının əvvəlində layihə sahəsində ilk Günəş panelinin quraşdırılması ilə mühüm mərhələ əldə olunub. Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.
Şuşa şəhərində "Şuşa" yarımstansiyasından 0,3 km uzunluqlu yeni xətt çəkilməklə mövcud 110 kilovoltluq “Gorus-Xankəndi” EVX-nə qoşularaq Xankəndi şəhəri istiqamətində elektrik enerjisinin verilişinə başlanılıb. Bununla yanaşı, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları və Şuşa şəhərində müxtəlif güclərdə 110 kilovoltluq yarımstansiyalar tikilərək istismara verilib.
Ağdərə rayonunda Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyası istismara verilib. Həmçinin 2025-ci ildə Ağdam rayonunda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Təlim-Tədris Kompleksinin, Xocalı rayonunda 35/10 kilovoltluq “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin, Laçın şəhərində “Şəhər” yarımstansiya və Rəqəmsal idarəetmə Mərkəzinin, Yevlax rayonunda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.
Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirib. Azad edilmiş torpaqlarımızdakı evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmaq lazımdır.
Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.
