Sizin reklam burada
Sizin reklam burada
  • "Zəngilanın dirçəlişi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və Böyük Qayıdış siyasətinin təntənəsidir" – Mircəlil Qasımlı

    "20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın şanlı Zəfər tarixində xüsusi yer tutur. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan şəhərini işğaldan azad etməsi Vətən müharibəsinin mühüm strateji qələbələrindən biri olmuşdur."


    Bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı "atributinfo.az"a 20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə açıqlamasında bildirib.


    Deputat qeyd edib ki, Zəngilanın azad olunması yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış tarixi addım idi. 27 illik işğala son qoyulması xalqımızın sarsılmaz iradəsinin, qəhrəman hərbçilərimizin fədakarlığının və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir.

    Zəngilanın azad edilməsi ilə Azərbaycan–İran dövlət sərhədinin bu istiqamətdə tam bərpası ölkəmizin suverenliyi baxımından mühüm tarixi hadisəyə çevrildi. Bu qələbə Azərbaycanın hərbi qüdrətini və milli maraqlarını qorumaq əzmini bütün dünyaya nümayiş etdirdi.

    Bu gün Zəngilanın simasında biz işğaldan azad edilmiş torpaqlarımızın necə sürətlə dirçəldiyinin şahidi oluruq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində rayonun müasir infrastruktur əsasında yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir.

    Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi innovativ inkişaf modelinin parlaq nümunəsidir. Müasir texnologiyaların, alternativ enerji mənbələrinin və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi göstərir ki, Azərbaycan azad edilmiş torpaqlarında sadəcə yaşayış məntəqələrini bərpa etmir, gələcəyin şəhər və kəndlərini qurur.

    Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri, yeni yaşayış komplekslərinin inşası rayonun gələcək iqtisadi inkişafı üçün mühüm imkanlar yaradır. Bu layihələr Zəngilanın beynəlxalq nəqliyyat və logistika sistemində strateji mövqeyini daha da gücləndirəcək.

    Eyni zamanda, turizm, kənd təsərrüfatı və sahibkarlıq sahələrində həyata keçirilən layihələr rayonun iqtisadi potensialının reallaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə xidmət edir.

    Prezident İlham Əliyevin Zəngilana mütəmadi səfərləri, aparılan quruculuq işlərini şəxsən nəzarətdə saxlaması və yeni layihələrin icrasına xüsusi diqqət yetirməsi dövlətimizin başçısının Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə verdiyi böyük önəmin göstəricisidir:


    "Bu gün Zəngilanda aparılan genişmiqyaslı quruculuq işləri bir daha sübut edir ki, Azərbaycanın tarixi Qələbəsi yalnız torpaqlarımızın işğaldan azad olunması ilə məhdudlaşmır. Bu Zəfərin davamı həmin torpaqlarda həyatın yenidən canlandırılması, insanların doğma yurdlarına qayıtması və bölgənin ölkəmizin iqtisadi inkişafına inteqrasiyasıdır.

    Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində Zəngilan yaxın gələcəkdə Azərbaycanın ən müasir, inkişaf etmiş və strateji əhəmiyyətli bölgələrindən birinə çevriləcək.

    20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bütün zəngilanlıları təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.

    Yaşasın müstəqil və qalib Azərbaycan!"- Mircəlil Qasımlı bildirib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ