Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan və Özbəkistan Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat dəhlizinin formalaşdırılmasında mühüm aktor kimi

     Ehtiram Mehdiyev
    Milli Cəbhə Partiyasının sədr müavini


    Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasındakı münasibətlərin hansı mərhələyə çatdığını bir daha göstərdi. Daşkənddə imzalanan “Əbədi dostluq haqqında Müqavilə” sadəcə diplomatik sənəd deyil. Bu gələcəyə hesablanmış siyasi iradənin ifadəsidir. Azərbaycan və Özbəkistan artıq yalnız dost və strateji tərəfdaş deyil. Onlar bir-birinin gücünü tamamlayan, iqtisadiyyatdan mədəniyyətə, nəqliyyatdan təhlükəsizliyə qədər geniş sahələrdə birlikdə hərəkət edən iki qardaş dövlətdir.

    Xüsusilə Qarabağ məsələsində Özbəkistanın Azərbaycana verdiyi dəstək bu münasibətlərin səmimiyyətini göstərdi. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, indi isə Xankəndi ilə Urgəncin, Laçınla Buxaranın qardaşlaşması artıq siyasi münasibətlərin xalqların gündəlik həyatına keçdiyini göstərir.

    Ən diqqətçəkən məqam isə budur Türk dünyasında birlik artıq yalnız mədəni yaxınlıqdan ibarət deyil. Ortada konkret yollar, dəmir yolları, ticarət layihələri, investisiyalar və siyasi əməkdaşlıq var. Tarix boyu türk dövlətləri çox zaman bir-biri ilə rəqabət aparıb. Bu gün isə mənzərə dəyişir. Heç bir dövlət digərinin üzərində hakimiyyət qurmağa çalışmır. Hər biri öz bayrağı, sərhədi və suverenliyi ilə dayanır, amma ortaq maraqlarda bir araya gəlir.

    Məhz bu, bugünkü Türk dünyasının ən böyük üstünlüyüdür. Azərbaycan bu prosesdə mühüm körpü rolunu oynayır. Özbəkistan isə Mərkəzi Asiyanın güclü dövlətlərindən biri kimi həmin körpünün digər tərəfini formalaşdırır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türk dövlətləri ilə əlaqələrin genişlənməsi isə bu mənzərəni daha da tamamlayır.

    Bu gün söhbət keçmişdəki kimi bir imperiya qurmaqdan getmir. Söhbət müstəqil dövlətlərin bir-birinə dayaq olduğu yeni əməkdaşlıq modelindən gedir. Bəlkə də “Turan” anlayışının müasir dövrdə ən real mənası məhz budur: bir bayraq altında yaşamaq yox, müxtəlif bayraqlar altında bir məqsədə doğru irəliləmək. Daşkənddə verilən mesaj da əslində bundan ibarətdir Türk dünyası artıq yalnız ortaq tarixini xatırlamır, ortaq gələcəyini də qurmağa başlayır.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ