Sizin reklam burada
Sizin reklam burada
  • Sözün, mətbuatın və qələmin xidmətində

    İnsan ömrünün dəyəri onun yaşadığı illərin sayında deyil, o illərə sığdırdığı əməllərin gözəlliyində, cəmiyyətə və xalqına verdiyi faydadır. Daxilində böyük zəhmət, işıqlı amallar və xoş niyyət dayanan hər bir fəaliyyət xüsusi hörmətə layiqdir. Yaşadığımız həyatda elə mənəvi sahələr var ki, orada görünən və görünməyən əməyin qiyməti ölçüyə gəlməz dərəcədə böyükdür. Çünki burada qazanılan hər bir uğur təkcə fərdin deyil, bütöv bir cəmiyyətin, dövlətin və milli mədəniyyətin xəzinəsinə çevrilir. Belə mənalı, şərəfli və qurub-yaradan ömür yaşayan insanlar sözün həqiqi mənasında xoşbəxtdirlər.

    Müasir Azərbaycan mətbuatının, ədəbi-ictimai düşüncəsinin parlaq simalarından biri — Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid bu günkü müdriklik yaşına məhz belə zəngin, şərəfli və dəyərli mirasla qədəm qoyur.
    1964-cü ildə Ağcabədidə dünyaya göz açan, uşaqlıq və ilk gənclik illərini Qarabağın ruhu, mədəniyyət ocağı olan Ağdamda keçirən Rəşad Məcidin həyat yolu elə ilk qədəmlərdən elmə, sözə, poeziyaya və mətbuata sıx bağlanıb. Qarabağ torpağının verdiyi mənəvi duyum və sözə olan ehtiram onun gələcək taleyini müəyyənləşdirdi. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində aldığı təhsil onun daxili potensialını üzə çıxarmaq üçün böyük bir təkan oldu. Əmək fəaliyyətinə "Elm və həyat" jurnalında korrektor kimi başlayan Rəşad Məcid, öz tükənməz zəhməti, əməksevərliyi, istedadı və peşəsinə olan sonsuz sevgisi sayəsində addım-addım yüksələrək ustad jurnalist səviyyəsinə çatdı.  Rəşad Məcid adını müasir Azərbaycan mətbuatı tarixinə qızıl hərflərlə yazdıran əsas amillərdən biri, şübhəsiz ki, 1992-ci ildə əsasını qoyduğu və uzun illər rəhbərlik etdiyi "525-ci qəzet"dir. Müstəqilliyimizin ilk çətin, burulğanlı illərində işıq yüzü görən bu nəşr azad sözün, obyektiv və tərəfsiz jurnalistikanın bayraqdarına çevrildi. "525-ci qəzet" təkcə bir informasiya vasitəsi olmadı, həm də neçə-neçə gənc qələm sahibinin, istedadlı jurnalistin yetişdiyi əsl yaradıcılıq məktəbi, mətbuat akademiyası rolu oynadı.
    Məhz "525-ci qəzet"dəki prinsipial mövqeyi və özünəməxsus dəsti-xətti sayəsində Rəşad Məcid milli mətbuatımızda müstəqil və bütöv ziyalı obrazını uca tutan xadimlərdən birinə çevrildi.
    Onun fəaliyyəti təkcə qəzetçilik çərçivəsi ilə məhdudlaşmır, o, həm də incə, həssas qəlbli şair, qələmini ustalıqla işlədən, cəmiyyəti düşünməyə vadar edən publisistdir. Onun "O — La Donna", "Bir də gəlməyəcək", "Dəlicəsinə", "Qələmsiz yazılanlar" kimi kitabları təkcə Azərbaycanda deyil, İtaliyada, Türkiyədə, Gürcüstanda və başqa ölkələrdə tərcümə olunaraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Rəşad Məcidin səmimi, duyğulu şeirlərinə bəstələnmiş nəğmələr isə bu gün də dinləyicilərin ruhuna ruh verən, mənəviyyatımızı zənginləşdirən musiqi inciləridir.
    Rəşad Məcid eyni zamanda dövlətçilik ənənələrinə, milli və dövləti maraqlara sonsuz sadiq olan ictimai xadimdir. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında, Əfv Məsələləri Komissiyasında və Mətbuat Şurasındakı çoxtərəfli fəaliyyəti, beynəlxalq kürsülərdə, o cümlədən AŞPA-da Azərbaycanın haqq səsini ləyaqətlə müdafiə etməsi onun vətəndaşlıq mövqeyinin və yüksək cavabdehlik hissinin bariz göstəricisidir. Dövlətimiz tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, müxtəlif yubiley medalları və fəxri diplomlarla təltif olunması bu böyük xidmətlərə verilən uca qiymətin təzahürüdür.
    Ziyalı üçün 61 yaş kamillik, zəngin təcrübənin yekunlaşdığı və yeni yaradıcılıq üfüqlərinin açıldığı xüsusi bir mərhələdir. Bu gün də mətbuatımızın inkişafı, sözün nüfuzunun qorunması, gənc yazar və jurnalistlərin formalaşması üçün yorulmadan çalışan Rəşad Məcidə möhkəm canvsağlığı, tükənməz ilham və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
    Qələminiz həmişə kəsərli, sözünüz qüdrətli, addımlarınız mətin olsun! Yeni kitablarınız, oxucuların qəlbini oxşayan incə şeirləriniz və dərin məzmunlu məqalələrinizlə hələ uzun illər Azərbaycan mədəniyyətinə və mətbuatına xidmət edəsiniz!


    Aynurə Əliyeva

    ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi,
    Filologiya fakültəsinin müəllimi






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ