Sizin reklam burada
Sizin reklam burada
  • Yeni çağırışlar Azərbaycanı Almaniya üçün xüsusi əhəmiyyətli dövlətə çevirir ŞƏRH

    [thumb=left]https://atributinfo.az/uploads/ Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərinin tarixində yeni bir dönüş nöqtəsidir. Almaniya hökumətinin rəsmi açıqlamasında danışıqların əsas mövzuları kimi enerji və xammal, Azərbaycan-Ermənistan sülh prosesi, beynəlxalq təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət göstərilib. Yeni mərhələnin siyasi əsası 2025-ci ilin dekabrında qoyulub. Kansler Fridrix Merts Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycanla Ermənistan arasında sülh prosesindəki irəliləyişi regional sabitlik üçün mühüm hadisə kimi qiymətləndirib, dövlətimizin başçısını Almaniyaya səfərə dəvət edib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də 2026-cı ilin mayında göndərdiyi məktubda Berlinin Azərbaycanla ikitərəfli münasibətləri genişləndirməkdə ciddi maraqlı olduğunu bildirib. Deməli, hazırkı səfər siyasi səviyyədə ardıcıl qurulan dialoqun nəticəsidir.

    Bu sözləri Milli Məclisin İnsan hüquqlar komitəsinin sədri Zahid Oruc deyib.

    O bildirib ki, Almaniyanın Azərbaycana marağının artmasını yalnız diplomatik münasibətlərin yaxşılaşması ilə izah etmək doğru olmaz. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji və təhlükəsizlik modelini sarsıdıb. Rusiya ilə iqtisadi münasibətlərin kəskin azalması, Qara dəniz hövzəsində hərbi risklərin artması və ənənəvi nəqliyyat marşrutlarının etibarlılığının zəifləməsi Avropanı alternativ enerji mənbələri və Şərq-Qərb dəhlizləri axtarmağa məcbur edib.

    “İran ətrafında davam edən hərbi-siyasi gərginlik, Yaxın Şərqdə münaqişələrin genişlənmə təhlükəsi və Hörmüz boğazı ilə bağlı risklər isə Avropaya göstərir ki, enerji təhlükəsizliyi yalnız neft və qazın mövcudluğu deyil, həm də həmin resursları daşıyan dövlətlərin sabitliyi və siyasi etibarlılığı məsələsidir. Yeni çağırışlar Azərbaycanı Almaniya üçün xüsusi əhəmiyyətli dövlətə çevirir. Ölkəmiz həm Xəzər hövzəsinin enerji ehtiyatlarına malikdir, həm Avropaya uzanan müstəqil enerji infrastrukturunun əsas təminatçısıdır, həm də Orta Dəhlizin mərkəzi həlqələrindən biridir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Trans-Anadolu xətti kimi layihələr Azərbaycanın onilliklər ərzində Avropa təhlükəsizliyinə xidmət edən infrastruktur qurduğunu göstərir. Almaniya hökumətinin səfərin gündəliyinə enerji ilə yanaşı, xammal məsələsini ayrıca daxil etməsi də təsadüfi deyil. Alman sənayesi enerji daşıyıcılarına, metallara, kritik xammala, yeni bazarlara və etibarlı logistika yollarına ehtiyac duyur. Azərbaycan isə öz enerji ehtiyatları ilə yanaşı, Mərkəzi Asiyanın resurslarının Avropa bazarına çıxarılması üçün etibarlı körpü rolunu oynayır”, - deyə komitə sədri bildirib.

    Z.Oruc qeyd edib ki, Almaniya ilə yüksək texnologiyalar, yaşıl enerji, Qarabağın bərpası, Almaniya İnkişaf Bankının fəaliyyətinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçirilməsi kimi konkret istiqamətlər müzakirə olunur. Strateji gündəlik iki ölkə münasibətlərini keçmişdəki fikir ayrılıqları müstəvisindən çıxararaq gələcəyə hesablanan əməkdaşlıq zəmininə keçirir. Prezident İlham Əliyevin ardıcıl dövlətçilik siyasəti, Vətən müharibəsindən sonra formalaşdırdığı yeni geosiyasi arxitektura və sülh gündəliyi Azərbaycanın Avropa ilə münasibətlərindəki yeni strateji mərhələnin açıq ifadəsidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ